Dərmanlara əlçatanlığı artıran mühüm addım həyata keçiriləcək.
Belə ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi dərman vasitələrinin şərti kompensasiya məbləğini müəyyən edəcək.
Yurd.Media xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Dərman və tibbi vasitələr şöbəsinin müdiri Elmin Quliyev bu gün Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və İTSDA tərəfindən keçirilən ictimaiyyətlə əlaqələr və media nümayəndələri üçün təlimdə deyib.
O bildirib ki, pozitiv siyahıda yer alan dərman vasitələrinin şərti kompensasiya məbləği ekvivalent dərman vasitələri arasında vahidinin qiyməti ən aşağı olan dərman vasitəsinin vahidinin qiymətinin qablaşdırılma miqdarına vurulması ilə müəyyən ediləcək.
Elmin Quliyev bildirib ki, bu proses keyfiyyətli, effektiv və təhlükəsiz dərman vasitələrinin əlçatanlığını artıracaq. Həmçinin əczaçılıq bazarında azad rəqabətin artmasına da təsir göstərəcək. Şərti kompensasiya məbləğinin 100%-i agentlik tərəfindən qarşılanacaq. Bu isə dərmanlara əlçatanlığı artıran mühüm addımdır.
Məsələn, eyni təsiredici maddəyə malik üç ekvivalent dərmanın qiyməti belədir: 12 AZN, 15 AZN və 18 AZN. Modelə əsasən, 12 AZN şərti kompensasiya məbləği təyin edilir və agentlik bu məbləğin tam kompensasiyasını həyata keçirir.