Respublika üzrə çimərlik mövsümü hələ rəsmi olaraq başlamasa da, dənizdə istirahət edən və çimən vətəndaşların sayı artmaqdadır. Bu isə təhlükəsizlik məsələlərini yenidən gündəmə gətirir.
Yurd.Media xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi (FHN) artıq mövsümə hazırlıq çərçivəsində təhlükəsizlik tədbirlərini gücləndirib.
FHN-in Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti yerli icra hakimiyyəti orqanlarının nümayəndələri ilə birlikdə sahilboyu ərazilərdə monitorinqlər keçirir. Bu monitorinqlərin əsas məqsədi istifadəyə yararsız və nəzarətsiz çimərlik sahələrinin müəyyənləşdirilməsi, çimərlik operatorlarına təhlükəsizlik qaydaları barədə bildirişlərin təqdim edilməsidir.
"Real TV"-nin Mərdəkan sahilində apardığı çəkiliş zamanı bir çox ərazidə təhlükəsizliklə bağlı ilkin tədbirlərin görüldüyü məlum olub. Xidmət əməkdaşları səhər saat 9-dan axşam saat 20:00-dək gücləndirilmiş rejimdə çalışırlar. Çimərliklərdə maarifləndirici lövhələr və xəbərdarlıq nişanları quraşdırılıb. Vətəndaşlara təhlükəsizlik qaydaları barədə məlumat verilir, xəbərdarlıq edilir.Hazırda ölkə üzrə 75 çimərlikdə FHN-in əməkdaşları xidmət aparır. Bu çimərliklər həm ödənişli, həm də ödənişsiz əraziləri əhatə edir.
Sahilboyu xilasetmə vasitələri, dalğıc avadanlıqları və axtarış-xilasetmə texnikası da işlək vəziyyətə gətirilib. Bütün bu tədbirlərin 15 iyuna qədər yekunlaşdırılması planlaşdırılır.FHN vətəndaşlara müraciət edərək yalnız xilasetmə xidmətləri olan çimərlikləri seçməyi tövsiyə edir. Əgər çimərlikdə xilasedicilər, xəbərdarlıq nişanları və müvafiq avadanlıq yoxdursa, bu həmin ərazidə təhlükəsizlik tədbirlərinin görülmədiyini göstərir və istifadəsi risklidir.