Avstraliya Katolik Universitetinin tədqiqatçıları aşkar ediblər ki, yatmazdan 12 saat öncə yüksək miqdarda kofein qəbulu gecə yuxusunun keyfiyyətinə mənfi təsir göstərə bilər. Lakin bu təsir insanlar tərəfindən fərq edilməyə bilər.
Yurd.Media xəbər verir ki, "Sleep" elmi jurnalında nəşr olunan tədqiqatda 18-40 yaş aralığında olan 23 kişi könüllü iştirak edib. Bütün iştirakçılar müntəzəm şəkildə orta miqdarda (gündəlik 300 mq-dan az) kofein istehlak edən şəxslər olub. Eksperimentin bir mərhələsi olaraq, iştirakçılardan yatmazdan 12, səkkiz və dörd saat öncə (fərqli günlərdə) 100 və 400 mq kofein qəbul etmələri tələb edilib.
Əldə olunan nəticələr müəyyən edib ki, yüksək miqdarda kofein, xüsusilə 400 mq, hətta yatmazdan 12 saat əvvəl qəbul edildikdə belə, yuxunu poza bilər. Yatmazdan dörd saat öncə qəbul edilən 100 mq kofein isə gecə istirahətinə demək olar ki, heç bir təsir etməyib.
Tədqiqatçılar vurğulayıblar ki, eksperiment iştirakçıları əksər hallarda kofeinin yuxularına təsirini hiss etməyiblər, halbuki xüsusi yuxu izləmə cihazı olan polisomnoqrafın məlumatlarında yuxu keyfiyyətinin aşağı düşməsi qeydə alınıb.
Diqqətçəkən məqam odur ki, iştirakçılar kofeini öz evlərində qəbul ediblər. Buna görə də yuxu keyfiyyətinin azalması ətraf mühit şəraitinin dəyişməsi ilə əlaqələndirilə bilməz.