Yanğınsöndürən — alovla döyüşən, həyatını riskə ataraq başqalarının həyatını qurtaran görünməz qəhrəmandır.
Hər il 10 oktyabr Azərbaycanda Yanğından Mühafizə Xidmətinin Peşə Bayramı Günü kimi qeyd olunur. Bu gün, öz fədakarlıqları ilə insanların təhlükəsizliyini qoruyan yanğınsöndürənlərin əməyinə dərin ehtiramın təzahürüdür.
Azərbaycanda yanğından mühafizə sisteminin tarixi 1918-ci ildən başlayır. Həmin dövrdə Bakı şəhərində, xüsusilə neft mədənləri və yaşayış massivlərində təhlükəsizliyi təmin etmək məqsədilə ilk yanğınsöndürmə bölmələri yaradılmışdı. Bu bölmələr təkcə sənaye obyektlərini deyil, həm də şəhər sakinlərini qorumaq missiyasını daşıyırdı.
1920-ci illərdə yanğından mühafizə xidməti dövlət strukturu kimi formalaşdı. Texniki baza, kadr hazırlığı və idarəetmə sistemi mərhələli şəkildə təkmilləşdirildi.
2005-ci ildə isə bu sahədə köklü islahat aparıldı. Prezident İlham Əliyevin 16 dekabr 2005-ci il tarixli sərəncamı ilə Fövqəladə Hallar Nazirliyi yaradıldı və onun tərkibində Dövlət Yanğından Mühafizə Xidməti (DYMX) formalaşdırıldı.
Yeni strukturun yaradılması ilə xidmətin maddi-texniki bazası gücləndirildi, müasir yanğınsöndürmə avtomobilləri və avadanlıqlar alınaraq istifadəyə verildi, yeni yanğın depoları inşa edildi.
Bu gün DYMX ölkənin bütün bölgələrində insan həyatının, dövlət və şəxsi əmlakın mühafizəsində mühüm rol oynayır.
Yurd.Media bu əlamətdar günlə əlaqəli Dövlət Yanğından Mühafizə Xidmətinin Nizami Rayon Dövlət Yanğından Mühafizə Hissəsindən reportaj hazırlayıb.
Hissənin rəisi, daxili xidmət mayoru Ceyhun Ramazanov və manqa komandiri, daxili xidmət baş çavuşu Xəzər Vəlili ilə söhbət zamanı bu şərəfli peşənin məsuliyyətindən, gündəlik həyatlarından və alovla mübarizənin görünməyən tərəflərindən danışıblar.
“Əvvəlcədən qarşısını almaq – ən böyük qələbədir”
Nizami Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi, daxili xidmət mayoru Ceyhun Ramazanov deyir ki, yanğınsöndürmə işi təkcə güc və çeviklik deyil, həm də böyük məsuliyyət və soyuqqanlılıq tələb edir:
“Bir hadisənin qarşısını almaq, o hadisə baş verdikdən sonra onun nəticələrinin aradan qaldırılmasından daha asandır,” – deyən Ümummilli Lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra yanğın təhlükəsizliyi sisteminin inkişafı istiqamətində ardıcıl tədbirlər görmüşdür".
Onun sözlərinə görə, yanğınsöndürən olmaq üçün ilk növbədə güclü xarakterə sahib olmalısan və qorxunu unutmamalısan:
"Bu peşədə çalışan hər kəs hər gün özünü oda ataraq insanları xilas edir".
Alovla mübarizənin mexanikası
Ceyhun Ramazanov bildirir ki, xidmətə gün ərzində bir neçə çağırış daxil olur və hər dəfə eyni hazırlıq səviyyəsi qorunur:
“Yanğın haqqında məlumat daxil olan kimi yanğınsöndürənlər döyüş geyimini geyinib avtomobillərə əyləşirlər. Növbənin rəhbəri yol vərəqəsini götürüb hadisə yerinə yollanır. Hər çağırış zamanı yaxınlıqdakı üç istiqamətdən texnika cəlb olunur. Bəzən yollarda sıxlıq səbəbindən hadisə yerinə çatmaq çətin olur, bu halda əlavə məntəqələr də işə qoşulur”.
O vurğulayıb ki, əməliyyat zamanı əsas məqsəd insan həyatının qorunmasıdır:
“Əvvəlcə insanlar və qiymətli əşyalar təxliyə edilir, daha sonra alovla mübarizə başlayır. Bizim borcumuz hər bir canlını alovun içindən çıxarmaqdır".
Texnika və geyim: alovun içində müdafiə qalxanı
Manqa komandiri, daxili xidmət baş çavuşu Xəzər Vəlili isə xidmətin texniki imkanlarından danışır:
“Hazırda istifadədə olan əsas və xüsusi təyinatlı yanğınsöndürmə avtomobilləri 3, 5 və 9 ton su tutumuna malikdir. Avtomobil tam su ilə dolmadan döyüş hesabına qoyulmur. Hər yanğından sonra texnika təmizlənir və növbəti əməliyyata tam hazır vəziyyətdə saxlanılır".
7/24 rejimdə çalışan qəhrəmanlar
Ceyhun Ramazanov qeyd edir ki, yanğından mühafizəçilər 7/24 rejimində xidmət aparırlar:
“Biz üç növbə ilə işləyirik, lakin kütləvi tədbirlər zamanı iki növbəli rejim tətbiq olunur. Əməkdaşlarımız hər gün həyatlarını riskə ataraq insanları, evləri və dəyərləri qoruyurlar. Onlar alovun digər evlərə keçməsinin qarşısını almaqla təkcə bir ailəni deyil, bəzən bütöv bir məhəlləni xilas edirlər".
Yurd.Media kollektivi Yanğından Mühafizə Xidmətinin bütün əməkdaşlarını 10 oktyabr – peşə bayramı münasibətilə səmimi qəlbdən təbrik edir.
Siz həyatınızı oda ataraq başqalarının həyatını xilas edən, cəmiyyətin ən şərəfli, lakin çox vaxt görünməyən qəhrəmanlarısınız.
Əlində su tutan hər yanğınsöndürən, əslində, bir xalqın təhlükəsizliyinin simvoludur.
Foto: Sadıq Əliverdibəyli