Tarix bəzən bir kadrda donub qalır. O kadrda bir millətin faciəsi, eyni zamanda sarsılmaz mərdi-mərdanəliyi gizlənir. Xocalı soyqırımının ən ağır dəqiqələrində qucağında körpə olan qadını xilas edən o cəsur əsgərin siması yaddaşlara əbədi həkk olunub. Fotonu görən istənilən azərbaycanlı onun Xocalı soyqırımını əks etdirdiyini bilir. İllər keçsə də, o fotonun arxasındakı real insan taleyi, onun ailəsinin səssiz ağrısı və qardaşlıq dastanı bu gün yenidən gün işığına çıxır. Yurd.Media əməkdaşları Ağdamın Mərzili kəndində doğulan, taleyini vətəninin azadlığına bağlayan Azərbaycanın Yavər Əzimovun bacısı Lətafət Hüseynova ilə həmsöhbət olub. Onun dilindən eşidilən bu xatirələr sadəcə bir döyüş yolu deyil, həm də bir insanlıq dərsidir. Qeyd edək ki, Yavər Əzimov eyni zamanda Azərbaycanın ictimai-siyasi xadimi, geologiya-mineralogiya elmləri doktoru, professor Xudu Məmmədovun bacısı oğludur.
Ağdam rayonunun Mərzili kəndində anadan olan Hüseynova Lətafət Əzim qızı (1968) qardaşları Yavər və Əhəd Əzimovun müharibə xatirələrindən danışaraq onların keçdiyi döyüş yolunu yada salıb.

Lətafət xanımın sözlərinə görə, qardaşı Əzimov Yavər Əzim oğlu 1959-cu il noyabrın 8-də Ağdam rayonunun Mərzili kəndində doğulub. O, hərbi xidmətini Rusiyanın Amur vilayətinin Blaqoveşensk şəhərində keçib. Xidmətdən sonra bir müddət orada yaşayıb, ailə qurub və iki övladı – bir qızı və bir oğlu dünyaya gəlib. Münaqişə başlayandan sonra Yavər Əzimov vətənə qayıdaraq könüllü batalyona qoşulub. Müharibənin ilk dövrlərində kənd batalyonunda, daha sonra isə Allahverdi Bağırovun rəhbərlik etdiyi batalyonda döyüşüb. Xocalı faciəsi zamanı həmin batalyonun tərkibində Ağdamdan köməyə gedib. 1988-ci ildən etibarən son günlərə qədər cəbhə bölgələrində olub. Lətafət xanım bildirib ki, onların ailəsi 1992-ci ildə Azərbaycana qızının bir yaşını qeyd etmək üçün gəlib:
“Qızım 1991-ci ilin 26 fevralında doğulub. Burada onun bir yaşını qeyd etmək istəyirdik. Lakin Xocalı faciəsi baş verdi. Qızım o vaxtdan bəri heç vaxt doğum gününü qeyd etməyib. Dayıları ilə fəxrlə hər yerdə danışır”.
O, qardaşının xarakterindən də bəhs edib:
“Yavər çox mərd və qeyrətli insan idi. Yaxınlarına hörmət və sevgi ilə yanaşardı. Döyüşlərdə baş verən ağır hadisələri isə bizimlə paylaşmazdı. Kiçik qardaşım Əhəd Əzimov da könüllü olaraq döyüşlərdə iştirak edib”.
Xocalıda təxliyə zamanı Yavər Əzimovun qucağında körpə olan qadını xilas etməsini lentə alıblar. Həmin kadrlar sonradan Xocalı faciəsinin rəmzi fotolarından birinə çevrilib. Həmin körpənı saxlayan isə Nigar Cəfərovadır.

Lətafət xanım xatirələrində başqa bir hadisəni də qeyd edib: “Yavər və döyüş yoldaşları ermənilər tərəfindən tərk edilmiş kəndlərin birinə daxil olmuşdular. Evlərin birində qundaqda bir erməni körpəsi tapırlar. Uşağa toxunmurlar. Düşmən tərəfə xəbər göndərirlər ki, körpəni kəndin kənarında qoyuruq, gəlib aparın”.
Onun sözlərinə görə, Azərbaycan əsgərləri müharibənin ağır günlərində belə humanist davranmağa çalışıblar: “Müharibənin öz qanunu var – uşaqlara, qadınlara və yaşlılara toxunmaq olmaz. Lakin Xocalıda ermənilər insanlığa sığmayan vəhşilik törətdilər”.
Lətafət Hüseynova bildirib ki, hər iki qardaşı – Yavər və Əhəd müharibədən sağ qayıdıblar, lakin sonradan Rusiyada vəfat ediblər:
“Hər ikisi həm müharibədə, həm də sonrakı illərdə çox əziyyət çəkdi. Hamı onları qəhrəman kimi tanıyırdı. Amma indi sosial şəbəkələrdə müxtəlif insanların həmin məşhur fotodakı qəhrəman kimi təqdim olunduğunu görürəm. Müharibədə iştirak edən hər kəs qəhrəmandır, mənim qardaşım isə sadəcə kadra düşən qəhrəman oldu”.
Yavər və Əhəd Əzimov qardaşlarının döyüş yolu əslində Azərbaycan əsgərinin mənəvi ucalığının göstəricisidir. Bu gün o məşhur kadrlara baxarkən biz sadəcə bir əsgər deyil, bütöv bir xalqın qürurunu görürük. Onların cismi bu dünyadan köçsə də, adları Xocalı tarixində və Azərbaycanın azadlıq salnaməsinin silinməz səhifələrində yaşayacaqdır.
FOTO: Sadıq Əliverdibəyli