Enerji içkiləri qısa müddətdə canlanma və diqqət artımı yaratsa da, mütəxəssislərin fikrincə, bu içkilər orqanizmə real enerji vermir, sadəcə bədənin mövcud ehtiyatlarını sürətlə istifadəyə məcbur edir.
Yurd.Media xəbər verir ki, mütəxəssislər bildirir ki, enerji içkiləri əsasən yorğunluğu azaltmaq və diqqəti artırmaq məqsədilə istehsal olunur. Lakin bu içkilərin tərkibi təbii məhsullardan uzaqdır. Onların əsas komponentləri yüksək miqdarda kofein, şəkər, süni dadlandırıcılar və müxtəlif əlavələrdən ibarətdir. Qısa müddətli təsirə baxmayaraq, uzunmüddətli istifadə sağlamlıq üçün risk yaradır.
Qeyd olunur ki, enerji içkilərinin əsas maddələrindən biri olan kofein xüsusilə gənclər və ürək-damar problemi olan şəxslər üçün təhlükəlidir. Yüksək kofein qəbulu ürək döyüntülərinin artmasına, təzyiqin yüksəlməsinə, sinir sisteminin həddindən artıq yüklənməsinə və yuxu rejiminin pozulmasına səbəb ola bilər. Bir çox hallarda bu, yuxusuzluq və daimi əsəbiliklə müşayiət olunur.
Mütəxəssislərin sözlərinə görə, enerji içkiləri sağlam həyat tərzi və düzgün qidalanma prinsiplərinə ziddir. Tərkibindəki yüksək şəkər miqdarı həzm sisteminə mənfi təsir göstərir və piylənmə riskini artırır. Xüsusilə gənclər arasında bu içkilərin istifadəsi artdıqca, asılılıq və psixoloji problemlər daha çox müşahidə edilir.
Həkimlər vurğulayır ki, enerji içkilərinin təhlükəsi yalnız fiziki sağlamlıqla məhdudlaşmır. Kofeinə alışqanlıq nəticəsində orqanizm süni stimullaşdırmaya öyrəşir və bu da təbii bərpa mexanizmlərini zəiflədir. Nəticədə insan daha tez yorulur və daha çox enerji içkisinə ehtiyac duyur.
Mütəxəssislər enerji içkilərinin əvəzinə su, yaşıl çay, təbii meyvə şirələri və balanslı qidalanmaya üstünlük verilməsini tövsiyə edirlər. Bildirilir ki, bu, həm ürək-damar sağlamlığının qorunması, həm də ümumi rifah üçün ən doğru seçimdir.
Qeyd edək ki, Azərbaycan bazarında daha çox enerji içkisi satılan "Red Bull GmbH" tərəfindən istehsal edilən "Red Bull", “Yunayted Botlinq Qrup” tərəfindən istehsal edilən “Jaquar”, “Avrora” MMC və “Berg Energy” MMC tərəfindən istehsal edilən “Bizon”, “Hell Energy” Ltd müəssisəsinə məxsus, “Aztrade” MMC tərəfindən idxal edilən “Hell”, “A+Co” ASC tərəfindən istehsal edilən “Full energy” və “Pit bull”, “Moskva Brewing Company” tərəfindən istehsal edilən “Gorilla” içkiləridir.