SÜJET

Ramazan 2026 Böyük Qayıdış Bank Süni intellekt Daşınmaz əmlak
Xocalı faciəsinin şahidi: Bir anda partlayışlar başladı, bir-birimizi itirdik... - MÜSAHİBƏ

Xocalı faciəsinin şahidi: "Bir anda partlayışlar başladı, bir-birimizi itirdik..." - MÜSAHİBƏ

Xocalı

1992-ci ilin 26 fevralı Azərbaycan xalqının tarixinə təkcə bir faciə kimi deyil, həm də insan ağrısının, dözümünün və bitməyən kədərinin simvolu kimi həkk olunub. Xocalı soyqırımı zamanı minlərlə insanın taleyi bir gecədə param-parça oldu.

Yurd.Media əməkdaşları dəhşətli gecəni doğma yurdunda qarşılayan, mühasirə həlqəsindən keçərək sağ qalan Eldəniz Ağayevlə və bacısı, mərhum rabitəçi Dürdanə Ağayevanın qızı Ləman Camalova ilə həmsöhbət olub. 

– Özünüz barədə qısa məlumat verərdiniz...

– Mən Ağayev Eldəniz Allahverdi oğlu, 1976-cı ildə Xocalı şəhərində anadan olmuşam. Fəhlə ailəsində böyümüşəm, kasıb ailə olmuşuq. Hazırda Şəhid Ailələrinə Qayğı Cəmiyyətinin Xocalı şöbəsinin sədriyəm.

– Faciələrlə dolu o günləri necə xatırlayırsınız?

– 1988-ci ildən başlayan münaqişə 1992-ci ilə qədər getdikcə şiddətləndi. Xocalı və ətraf qəsəbə və kəndlərdə yaşayan ermənilər müharibəyə hazır idilər, lakin bizim bundan xəbərimiz yox idi. 1989-cu ildə mən Əsgəran rayonu Musiqi Məktəbində oxuyurdum. Həmin ilin payızından sonra vəziyyət gərginləşdi və artıq bizə bildirildi ki, münasibətlər əvvəlki kimi olmayacaq. 1991-ci ildən münaqişə daha da böyüdü. Yollar bağlandı, həm quru, həm də hava yolu kəsildi və Xocalı tam blokadaya alındı. Şəhər sakinləri çox ağır vəziyyətdə qaldı. 1992-ci ilin fevralın 25-i axşamı Xocalının özünümüdafiə batalyonu var idi. Biz uşaq olduğumuz üçün yalnız xırda kömək işləri görürdük. Axşam evə qayıtdım. Bacım Dürdanə rabitəçi işləyirdi. Evə gəlmişdi ki, yemək yeyib yenidən işə qayıtsın. Həmin gün qohumlarımız da bizdə qalacaqdı. Mən posta getməyə hazırlaşırdım. Birdən güclü partlayış səsi gəldi. İlk mərmi bizim bostana düşdü. Partlayış nəticəsində evimizin şüşələri qırıldı. Təxminən 20 dəqiqə sonra artilleriya atəşi başladı – toplar, “Qrad” və iriçaplı silahlar işləyirdi. Qonşuların zirzəmisi var idi, hamı ora sığındı.

– Şəhərdən necə çıxdız?

– Xocalı kiçik şəhər idi, təxminən 7 minə yaxın əhalisi vardı. Ermənilər kəndləri yandıra-yandıra yaxınlaşırdı. Xankəndi istiqamətindən Xocalının girişində yerləşən şəhər aeroportu artıq onların nəzarətinə keçmişdi. Heç kim əhaliyə konkret göstəriş vermirdi. İnsanlar nə edəcəyini bilmirdi. Heç kəs inanmırdı ki, belə qəddarlıq ola bilər. Sonra əhali məktəbin həyətində toplandı. Qadınlar, uşaqlar və yaşlılar çoxluq təşkil edirdi, çünki silah tuta bilən kişilər postlarda idi. Bir müddət sonra döyüşçülərdən biri dedi ki, şəhərdən çıxmaq lazımdır. Amma hansı istiqamətə gedəcəyimizi bilmirdik.

Biz Qarqar çayı istiqamətinə getdik. Çayı keçib dağ yolu ilə Ağdam istiqamətinə çıxmalı idik. Hava çox şaxtalı idi, güclü qar yağırdı. İnsanlar evdən necə çıxmışdısa, elə də idi – kimisi nazik geyimdə, kimisi ayaqqabısız.

Meşədə yarım metrdən çox qar vardı. Bələdçilər yolu göstərirdi. Biz Şuşa–Ağdam istiqamətində ara yollarla hərəkət edirdik. Səhərə yaxın Naxçıvanik kəndi yaxınlığında dayandıq. Qarşıda şosse yolu vardı. Birdən zirehli texnika və silahlı ermənilər göründü. Hücum başladı. Panika yarandı. Mən bacım Dürdanənin əlindən tutmuşdum. O yorulurdu, bəzən belimdə aparırdım. Bir anda mərmi partlayışları başladı və biz bir-birimizi itirdik. İnsanlar bir-birindən ayrıldı. O vəziyyəti sözlə ifadə etmək çətindir.

Ağdam tərəfdən kömək gəldiyi xəbəri yayıldı. Xocalıya kömək üçün könüllü dəstələr gəlmişdi. Onların arasında Allahverdi Bağırov, Asif Məhərrəmov və Məhəmməd Mustafayev kimi döyüşçülər var idi. Mən bir neçə nəfərlə birlikdə irəlilədim. Yaralı bir yaşlı kişini çiynimdə daşıyaraq Ağdama çatdırdım. Amma sonra geri qayıtdım. Çünki anam, bacım və nənəm yox idi. Hər tərəfdə həlak olmuş insanlar vardı. Biz sağ qalanları axtarırdıq. Könüllülər gələndən sonra yaralılar və sağ qalanlar çıxarıldı. Sonradan məlum oldu ki, anam və nənəm yaralı halda xəstəxanaya çatdırılıb.

Xocalı faciəsi təkcə o gecə meşələrdə donan, güllələnən insanların deyil, həm də o cəhənnəmdən sağ çıxanların ruhunda ömürlük iz qoyub. Eldəniz Ağayevin bacısı, 8 gün erməni əsirliyində ağlasığmaz işgəncələrə məruz qalmış mərhum rabitəçi Dürdanə Ağayevanın taleyi buna ən ağrılı nümunədir. O, sağ qalsa da, Xocalının soyuğu və qarı onun ruhunu heç vaxt tərk etmədi. İndi isə o ağrılı xatirələrin bir ailənin sonrakı nəsillərinə necə ötürüldüyünü, qız övladının anasının sükutunda gizlənən “sandığı” necə kəşf etdiyini onun qızı Ləman Camalovanın dilindən dinləyirik. Ləman xanım bizə anasının qorxularını, sevgisini və heç vaxt tam açılmayan o daxili dünyasından bəhs edir.

– Ananız haqqında danışardınız...

– Uşaqlığım Xocalı xatirələri ilə keçib. Bu hadisələri görməsəm də, mənim üçün də bir travma olub. Anam Ağayeva Dürdanə Allahverdi qızı 1972-ci il yanvarın 12-də Xocalıda doğulub. Orada böyüyüb, məktəbi bitirib və 20 yaşına qədər Xocalıda yaşayıb. 8 gün əsirlikdə qalıb. O faciə onun həyatını tam dəyişmişdi. Payız və qış ayları gələndə o günləri yenidən yaşayırdı. Noyabrda blokadanı xatırlayırdı, fevralda isə faciənin yaxınlaşdığını deyirdi. Mənə deyirdi ki, insan yaşına görə yox, yaşadıqlarına görə böyüyür. Qardan çox qorxurdu. Biz qartopu oynayanda kənardan baxırdı. Sonradan başa düşdüm ki, qar ona həmin gecəni xatırladırmış.

– Ailə həyatı haqqında nə danışırdı?

– Atam bakılı idi. Onlar Xırdalanda tanış olublar. Anam əvvəl çox tərəddüd edib, çünki başına gələnləri qəbul etməyəcəklərindən qorxurdu. Bir gün atam ona evlilik təklif etdi. Anam Xocalıdan olduğunu və əsir düşdüyünü dedi. Atam isə onun əlindən tutaraq bildirdi ki, bu əl heç vaxt buraxılmayacaq. Onlar bütün çətinlikləri birlikdə keçdilər. Atam anam üçün böyük dayaq idi.

– Dürdanə xanım Xocalı barədə hər şeyi danışırdı?

– Yox. O deyirdi ki, ürəyində bir sandıq var və açarı da özündədir. Həmin sandıq heç vaxt açılmadı. 18 yaşımda ondan hər şeyi danışmasını istədim. Yenə razı olmadı. Dedi ki, bunları eşitmək çox ağırdır...

Xocalı sadəcə bir təqvim günü deyil; o, Eldəniz müəllimin yaddaşındakı o qanlı meşə yolu, Dürdanə xanımın ömrü boyu ürəyində daşıdığı və açarını heç kəsə vermədiyi o gizli “sandıq”dır. İllər keçdi, fəsillər dəyişdi, bu gün Xocalı azaddır, lakin o sandığın içindəki ağrılar hələ də sükutla pıçıldayır. Zaman keçsə də, nə o qarın soyuğu unudulacaq, nə də o “əlini heç vaxt buraxmayacağam” deyən sevginin istiliyi.

Dürdanə xanımın qardan qorxan ürəyi bəlkə də indi azad Xocalının bahar günəşi ilə isinir. Şahidlərin dili ilə tarixləşən bu acı bizə bir şeyi öyrətdi: unutmaq ən böyük itkidir. Biz unutmadıq, unutdurmayacağıq və bu böyük ağrının içindən daha məğrur, daha güclü bir millət kimi dikəlməyə davam edəcəyik.

FOTO: Sadıq Əliverdibəyli

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları