SÜJET

Rusiyada azərbaycanlılara qarşı vəhşilik Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Böyük Qayıdış Süni intellekt
Xəzər dənizi ekoloji fəlakətlə üz-üzə: Alimlər həyəcan təbili çalır

Xəzər dənizi ekoloji fəlakətlə üz-üzə: Alimlər həyəcan təbili çalır

Son bir ildə Xəzər dənizinin səviyyəsinin kəskin şəkildə azalması region ölkələri üçün ciddi ekoloji narahatlıq yaradıb. Dünyanın ən böyük qapalı su hövzəsi olan Xəzər, zəngin bioloji resurslarına və tarixi irsinə baxmayaraq, bu gün ağır ekoloji böhranla üz-üzədir. Mütəxəssislər vəziyyətin əsas səbəbi kimi uzun illərdir davam edən neft hasilatını göstərirlər.

Kimya elmləri üzrə fəlsəfə doktoru, ekoloq Sadiq Həsənov Yurd.Media-ya bildirib ki, Xəzər əvvəllər nərə balığı kimi nadir növlərlə zəngin olub, sahilyanı ərazilərdəki icmalar bu ehtiyatlardan geniş istifadə edib. Xüsusilə Neftçala və Salyanda balıqçılıq və kürü istehsalı inkişaf edib.

Lakin, neftin kəşfi və hasilatına başlanması ilə bu ekosistem tədricən zərər görməyə başlayıb. Hazırda həm SOCAR, həm də BP kimi beynəlxalq konsorsiumlar tərəfindən dənizdə illik 30 milyon tona yaxın neft hasil edilir. Onun 80 faizi dəniz yataqlarından çıxarılır.

“Xəzərin çirklənməsinin əsas səbəbi neft və onun törəmə məhsullarıdır. Neftin çıxarılması, daşınması və saxlanması zamanı sızmalar baş verir, dənizə kimyəvi reagentlər və tullantılar axıdılır. Son illərdə bu hallar azalsa da, əvvəlki illərin nəticələri hələ də dənizdə qalır”, – deyə Sadiq Həsənov bildirib.

ekoloq Sadiq Həsənovekoloq Sadiq Həsənov

Balıq növləri yox olur, bioloji zəncir pozulur

Ekoloqun sözlərinə görə, Mikrobiologiya İnstitutunun direktoru Məmməd Salmanov öz yaxılarında bildirib ki, əvvəllər Xəzərdən tutulan balığın həcmi bir neçə vaqonu keçirdi. Lakin hazırkı vəziyyət göstərir ki, kilkə balığı tamamilə yoxa çıxıb, digər növlərin sayı isə minimuma enib.

2000-ci illərdən etibarən artan balıq xəstəlikləri və ekoloji tarazlığın pozulması nəticəsində bu növlər demək olar ki, məhv olub. Nəticədə bazarlarda nərə balığı kürüsü kimi məhsullar həm bahalaşıb, həm də nadir hala gəlib.

Hazırda Neftçala rayonunun Xıllı qəsəbəsində nərə balığının yetişdirilməsi üçün yeni zavod fəaliyyət göstərir və yetişdirilən balıqlar vaxtaşırı dənizə buraxılır. Lakin bu, balıq ehtiyatlarının artımına ciddi təsir göstərmir.

Çaylar dənizə çata bilmir – su qıtlığı və çirklənmə

Xəzər dənizinin su balansına təsir edən əsas amillərdən biri də onu qidalandıran çayların vəziyyətidir. Xüsusilə Kür, Terek, Ural və Volqa çaylarında suyun səviyyəsi azalır. Mütəxəssislər bildirirlər ki, bu çaylar üzərində salınmış hidrotexniki qurğular və su elektrik stansiyaları balıqların kürü qoymaq üçün çaya daxil olmasına mane olur.

Sadiq Həsənovun sözlərinə görə, Xəzəri qidalandıran əsas mənbə olan Volqa çayının dənizə verdiyi suyun miqdarı ildən-ilə azalır. Halbuki Xəzərə axan suyun 80 faizindən çoxu bu çaydan gəlir.

“Volqa çayı fosforla zəngin idi və bu element dəniz canlıları üçün həyati əhəmiyyət daşıyırdı. Lakin hazırda çayın üzərindəki fosfor emalı müəssisələri bu tərkibi minimuma endirib. Bu da dəniz florasına, dolayısı ilə balıqların qida zəncirinə mənfi təsir göstərir”, – deyə alim bildirib.

Xəzər suitləri də təhlükədədir

Xəzərin nadir canlılarından biri olan Xəzər suitisi də ekoloji böhrandan ciddi şəkildə təsirlənib. S.Həsənov deyir ki, bu canlını dənizin sanitarları adlandırmaq olar. Onlar xəstə balıqlarla qidalanir. Lakin son 30 ildə onların sayı kəskin azalıb. Suitiləri  Azərbaycan sahillərdə görünmə tezliyi də xeyli azalıb.

1990-cı illərin əvvəllərində Xəzəryanı beş ölkə birgə konvensiya imzalayaraq dənizin ekoloji mühafizəsini təmin etməyi öhdəsinə götürüb. Lakin bu müddət ərzində aparılan neft hasilatı və çayların çirklənməsi ilə bağlı yetərli nəzarət mexanizmlərinin tətbiq olunmaması vəziyyəti daha da ağırlaşdırıb.

 Xəzəri qorumağın vaxtıdır

Mütəxəssis bildirirlər ki, Xəzər dənizinin ekosisteminin bərpası üçün təcili tədbirlərə ehtiyac var. Ən vacib addımlar sırasında aşağıdakılar qeyd olunur:

- Neft və sənaye çirklənməsinin minimuma endirilməsi

- Balıq və digər su canlılarının süni şəkildə artırılması və qorunması

- Çayların su həcminin və keyfiyyətinin yaxşılaşdırılması

- Region ölkələri arasında real və effektiv ekoloji nəzarət mexanizmlərinin qurulması


Əks halda, Xəzər dənizi təkcə su ehtiyatı deyil, həm də bioloji müxtəliflik baxımından da geridönməz itkilərlə üzləşə bilər.

Prime Leasing