Ağdam, Xocalı, Laçın, Ağdərə rayonları və Şuşa şəhərində daha 15 sakinə özünüməşğulluq proqramı çərçivəsində mal və materiallar təqdim edilib.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti ve İdarəetmə Xidməti" İctimaiyyətlə əlaqələr şöbəsindən Yurd.Media-ya bildirilib ki, verilmiş aktivlər hesabına sakinlər qoyunçuluq, maldarlıq təsərrüfatı, un məmulatları istehsalı, kiçik dərzi sexi, qadın gözəllik salonu, kiçik fotoatelye və digər istiqamətlər üzrə kiçik bizneslərini yaradıblar.
Bununla Böyük Qayıdış proqramı çərçivəsində doğma yurdlarına köçürülmüş sakinlərdən özünüməşğulluq proqramı vasitəsilə kiçik təsərrüfatları qurulan şəxslərin sayı artıq 460-a çatıb.
Aktivlərin təqdim olunması mərasimində iştirak edən Dövlət Məşğulluq Agentliyinin rəsmiləri ilə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşlarının proqram iştirakçıları ilə görüşündə onların yeni qurduqları təsərrüfatlarla bağlı gələcək planlarına dair fikir mübadiləsi aparılıb.