Azərbaycanın vəfat edən diplomatı ilə bağlı yeni detallar məlum olub.
Yurd.Media “Yeni Sabah”a istinadən xəbər verir ki, ötən gecə vəfat edən keçmiş diplomat Dursun Həsənov vəzifəli şəxsin qardaşıdır.
Mərhumun qardaşı Ramiz Həsənov Azərbaycanın İspaniyadakı fövqəladə və səlahiyyətli səfiri postunda çalışır.
O, eyni zamanda Azərbaycanın Andorra Knyazlığındakı səfiridir.
R.Həsənov bundan əvvəl də yüksək dövlət vəzifələrində işləyib.
O, 1997-2004-cü illərdə “Azərkontrakt” Açıq Səhmdar Cəmiyyəti sədrinin 1-ci müavini, 2004-2005-ci illərdə Azərbaycanın Gürcüstandakı səfiri olub. 2005-ci dekabrın 14-də Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin baş direktoru vəzifəsinə təyin edilib. 2008-2018-ci illərdə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri işləyib.
2018-2021-ci illərdə xarici işlər nazirinin müavini olub.
Həsənov qardaşlarının ataları Ayvaz Həsənov da məşhur şəxsdir. A.Həsənov Gürcüstan SSR kənd təsərrüfatı nazirinin müavini, Gürcüstan Ali Sovetinin deputatı, Marneuli Rayonu İcraiyyə Komitəsinin sədri olub.
Qeyd edək ki, Dursun Həsənov 2016-2020-ci illərdə Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri olub.