SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Bank Market araşdırması Süni intellekt
DYP və FHN-dən Son zəng XƏBƏRDARLIQLARI

DYP və FHN-dən "Son zəng" XƏBƏRDARLIQLARI

  • 12 iyun 2026, 11:06

Azərbaycanda məktəblərdə qeyd olunacaq "Son zəng"lə bağlı bir neçə dövlət qurumu xəbərdarlıqlar ediblər.

Baş Dövlət Yol Polisi İdarəsindən (BDYP) Yurd.Media-ya bildirilib ki, bəzi hallarda məzunlar və yeniyetmələr "Son zəng" günü valideynlərinə, qohumlarına və ya digər şəxslərə məxsus nəqliyyat vasitələrini idarə etməyə cəhd göstərir, yaxud onlara bu cür imkan yaradılır:

"Belə məsuliyyətsiz davranışlar isə əksər hallarda ağır yol-nəqliyyat hadisələri, insan itkisi, yaxud digər faciələrlə nəticələnir.

Xatırladırıq ki, sürücülük hüququ olmadan nəqliyyat vasitəsini idarə etmək, habelə avtomobilin sürücülük hüququ olmayan şəxslərə etibar edilməsi yolverilməzdir. Belə hallar təkcə qanunvericiliyin tələblərinin pozulması deyil, həm də insanların həyat və sağlamlığını ciddi təhlükə altına qoyan hərəkətlərdir.

Eyni zamanda bildiririk ki, skuterlərin idarə edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş yaş həddi, moped və motosikletlərin idarə edilməsi üçün isə müvafiq sürücülük hüququ tələb olunur. Bu nəqliyyat vasitələrinin qanunvericiliyin tələblərinə zidd şəkildə idarə edilməsi, eləcə də onlardan təhlükəli və nümayiş xarakterli hərəkətlər üçün istifadə olunması ağır yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb ola bilər".

Məlumatda idarə valideynlərə müraciət edərək onları övladları üzərində nəzarəti daha da gücləndirməyə, həyat və sağlamlığı təhlükə altına qoya biləcək davranışların qarşısını vaxtında almağa çağırır:

"Unutmaq olmaz ki, diqqətsizlik və ya səhlənkarlıq nəticəsində baş verən hadisələr sonradan ağır peşmançılıq doğuran, bəzən isə geri dönüşü olmayan nəticələrə səbəb olur.

Eyni zamanda, avtomobil icarəsi fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxsləri qanunvericiliyin tələblərinə ciddi əməl etməyə, nəqliyyat vasitələrini sürücülük hüququ olmayan şəxslərə təqdim etməməyə çağırırıq".

Baş Dövlət Yol Polisi İdarəsi bildirir ki, "Son zəng" tədbirləri ilə əlaqədar ümumtəhsil müəssisələrinin yerləşdiyi ərazilərdə, məzunların daha çox toplaşdığı məkanlarda və hərəkətin intensiv olduğu istiqamətlərdə yol hərəkətinin təhlükəsizliyinin təmin olunması məqsədilə xidmət gücləndirilmiş rejimdə təşkil ediləcək, zəruri nəzarət-profilaktik tədbirlər həyata keçiriləcək.

Fövqəladə Hallar Nazirliyi də “Son zəng”lə bağlı avtonəqliyyat vasitələri sürücülərinə müraciət edib.

"Təhsil müəssisələrində və kütləvi tədbirlərin keçirildiyi məkanlarda “Son zəng” və “Məzun günü” tədbirlərinin keçirilməsi ilə əlaqədar olaraq avtomobil yollarında hərəkətin intensivliyinin və nizamsız parklama ehtimalının artacağı gözlənilir. Belə vəziyyətdə nəzərə almaq lazımdır ki, yollarda hadisə yerinə tələsən xüsusi təyinatlı texnikalara, o cümlədən yanğınsöndürmə və xilasetmə avtomobillərinə yol verilməməsi, habelə nizamsız parklama baş verən yanğın, qəza və digər hadisələrin nəticələrinin operativ aradan qaldırılması və mümkün zərərin minimuma endirilməsi üçün həmin nəqliyyat vasitələrinin hadisə yerinə vaxtında çatmasına çətinlik törədir.

Həmçinin, tikililərin giriş və həyətyanı ərazilərində, eləcə də avtomobil yollarının hərəkət hissəsində, yanğına qarşı su təchizatı sistemlərinə gedən yollarda və onların bilavasitə yaxınlığında avtomobillərin park edilməsi, habelə parklama ərazilərindəki nizamsızlıq və pərakəndəlik fövqəladə hadisə zamanı texnikaların operativ hərəkətinə və çevik döyüş vəziyyətinə gətirilməsinə mane olur, yanğınların söndürülməsi zamanı su hovuzları və hidrantlardan suyun götürülməsini çətinləşdirir, bəzi hallarda isə mümkünsüz edir.

Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi avtonəqliyyat vasitələri sürücülərinə müraciət edərək onları müvafiq qaydalara riayət etməyə çağırır.

Belə ki, avtonəqliyyat vasitələrinin sürücüləri yollarda operativ nəqliyyat vasitələri olan yanğınsöndürmə və xilasetmə avtomobillərinə dərhal yol verməli, həmçinin avtomobillər yalnız təyin olunmuş yerlərdə, bir-biri ilə ara məsafəsi gözləməklə, digər avtomobillərin sərbəst keçid imkanı təmin olunmaqla park edilməlidir.

Xatırladırıq ki, avtomobil yollarında yanğınsöndürən və xilasetmə avtomobillərinə yol verməyən sürücülər qanunvericiliklə müəyyən edilmiş qaydada hüquqi məsuliyyət daşımaqla yanaşı, yanğın, qəza və digər fövqəladə hadisə ərazisinə vaxtında çatıb hadisənin qarşısının alınması, ən əsası isə təhlükədə olan insan həyatının xilas edilməsi işinə ciddi çətinlik törətməklə həm də mənəvi məsuliyyət daşıyırlar".

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları