Azərbaycan peşakar musiqi məktəbinin banisi, görkəmli bəstəkar, dirijor və ictimai xadim Üzeyir Hacıbəylinin 140 illiyi və Milli Musiqi Günü münasibətilə bəstəkarın ev-muzeyində tədbir keçirilib.
Yurd.Media xəbər verir ki, tədbirin açılışında musiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru Humay Fərəcova-Cabbarova çıxış edərək Üzeyir bəyin Azərbaycan mədəniyyətindəki rolu barədə danışıb. Daha sonra Azərbaycan Milli Konservatoriyasının rektoru Kamilə Dadaşzadə, əməkdar incəsənət xadimi, professor Lalə Hüseynova və digər çıxışçılar bəstəkarın zəngin yaradıcılığından nümunələr gətirərək onun milli musiqi tarixindəki əhəmiyyətini vurğulayıblar.
Mədəniyyət nazirinin müavini Murad Hüseynov da tədbirin qonaqları sırasında olub.
Rəsmi çıxışlardan sonra konsert proqramı təqdim edilib. Şagird və tələbələrin ifasında Üzeyir Hacıbəylinin “Sevgili canan”, “Cəngi”, “Yaxşı yol”, “Çırpınırdı Qara dəniz” əsərləri, həmçinin “Arşın mal alan” və “O olmasın, bu olsun” operettalarından duetlər səsləndirilib.
Tədbir musiqişünas, professor Zümrüd Dadaşzadənin çıxışı ilə yekunlaşıb. Sonda qonaqlar muzeyin ekspozisiya zalları ilə tanış olublar.
Foto: Sadıq Əliverdibəyli