Bakıda Ukrayna və Polşa səfirlikləri “Buça” filminin nümayişi keçiriblər.
Yurd.Media xəbər verir ki, filmin nümayişində diplomatlar, media nümayəndələri və digər şəxslər iştirak edib.
Tədbirdə Ukraynanın Azərbaycandakı səfiri Yuri Husyev Buça qətliamı barədə məlumat verib:
“Buça 31 mart 2022-ci ildə azad olundu. Mən elə ilk gün Buçaya getdim və küçələrdə onlarla meyit gördüm. O mənzərənin nə qədər faciəli olduğunu təsəvvür belə edə bilməzsiniz”.
O, Azərbaycana Ukraynaya göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib:
“Azərbaycan bu dəhşətli işğalın ilk günlərindən etibarən humanitar dəstək göstərib. Biz bunu çox yüksək qiymətləndiririk və tariximizin ən qaranlıq dövründə uzadılan o qardaşlıq əlini heç vaxt unutmayacağıq”.
Daha sonra filmə baxış keçirilib.
“Buça” filmi real hadisələr əsasında, Rusiya qüvvələrinin nəzarəti altında qalmış ərazilərdə yaşayan ukraynalı mülki şəxslərin faciəli taleyini əks etdirir.
Film 2024-cü ildə ukraynalı rejissor Stanislav Tiunov tərəfindən çəkilib. Filmdə baş rolu polşalı aktyor Sezariy Lukaşeviç ifa edir. Filmin musiqisinin müəllifi azərbaycanlı bəstəkar İsa Məlikovdur.


Hazırladı: Aysel Balayeva, Telli Məmmədli