SÜJET

Ramazan 2026 Böyük Qayıdış Bank Süni intellekt Daşınmaz əmlak
Müqaviləsiz kirayə mənzillər: Risk kimin üzərindədir? - ARAŞDIRMA

Müqaviləsiz kirayə mənzillər: Risk kimin üzərindədir? - ARAŞDIRMA

Bakıda kirayə mənzil bazarında rəsmi müqavilə olmadan evlərin icarəyə verilməsi halları geniş yayılıb. Mütəxəssislər bildirirlər ki, bu cür qeyri-rəsmi razılaşmalar həm kirayəçilər, həm də ev sahibləri üçün ciddi hüquqi və maliyyə riskləri yaradır.

Əmlak məsələləri üzrə ekspert, "Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti" İctimai Birliyinin sədri Vüqar Oruc Yurd.Media-ya bildirib ki, hazırda inzibati nəzarət mexanizmləri tam gücü ilə tətbiq olunmur. Lakin müəyyən müddətdən sonra hökumətin vergi ödənişləri və qanunvericiliyin icrası ilə bağlı tələbləri sərtləşəcək. Bu isə vətəndaşların hazırda ödədiklərindən təxminən 10 faiz daha çox xərc çəkməsinə gətirib çıxara bilər.

"Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti" İctimai Birliyinin sədri Vüqar Oruc

Ekspert qeyd edib ki, bu il kirayə bazarında qiymət artımı gözlənilir. Onun sözlərinə görə, faizlərin azaldılması yeni xərclərin yaranmasına səbəb olacaq və bu da birbaşa kirayə qiymətlərinə təsir göstərəcək. 

Vüqar Orucun fikrincə, Dövlət Statistika Komitəsinin ötən il açıqladığı məlumata əsasən, kirayə qiymətləri 7,8 faiz artıb. Bu il isə ilboyu 5–10 faiz aralığında qiymət artımı proqnozlaşdırılır. 

Məsələ ilə bağlı vəkil Cavanşir Qasımzadə isə Yurd.Media-ya bildirib ki, kirayə mənzil bazarında rəsmi müqavilə olmadıqda əsas hüquqi məsuliyyət və vergi cərimələri ev sahibinin üzərinə düşür.

Onun sözlərinə görə, ev sahibi kirayədən gəlir əldə etdiyi üçün bu gəlirə görə dövlətə vergi ödəməlidir və müqavilə bağlanmadıqda gəlirin gizlədilməsi halı yaranır.

Vəkil bildirib ki, kirayəçi vergi ödəmək baxımından məsuliyyət daşımır, lakin rəsmi sənəd olmadığı üçün hüquqi baxımdan daha zəif mövqedə qalır və ev sahibi onu istənilən vaxt mənzildən çıxara bilər. Eyni zamanda, müqavilənin olmaması ev sahibi üçün də risklidir. Belə ki, kirayəçi mənzilə zərər vurduqda və ya kommunal borcları ödəmədən evi tərk etdikdə, ev sahibi bunu hüquqi yolla sübut edib zərəri geri ala bilmir.

vəkil Cavanşir Qasımzadəvəkil Cavanşir Qasımzadə

Beləliklə, rəsmi kirayə müqaviləsi həm kirayəçinin, həm də ev sahibinin hüquqlarını qoruyan əsas mexanizmdir. Qanunvericiliyin tələblərinə əməl olunmaması isə bazarda qeyri-şəffaflıq yaradır və qiymət artımını sürətləndirir.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları