Bəzi taksi sürücüləri proqramın müəyyən etdiyi gedişhaqqı ilə razılaşmır və sərnişindən əlavə ödəniş tələb edirlər. Bu isə həm sərnişinlərdə narazılıq yaradır, həm də həmin taksi şirkətlərinin imicinə mənfi təsir göstərir.
Yurd.Media xəbər verir ki, bu cür hallardan biri ilə bağlı sosial şəbəkədə daha bir paylaşım edilib.
Paylaşımda qeyd olunub ki, sürücü proqramın təyin etdiyi 12 manat 40 qəpik əvəzinə 20 manat tələb edib. O, məsafənin uzun olduğunu bəhanə gətirərək əlavə ödəniş istədiyini, əks halda sifarişi yerinə yetirməyəcəyini bildirib. Rəylərdə istifadəçilər də həmin məsafə üçün tələb olunan məbləğin artıq olduğunu qeyd ediblər.
Nəqliyyat üzrə ekspertlər "Xəzər TV"yə bildiriblər ki, bu cür hallarda məsuliyyət həm sürücülərin, həm də onlarla əməkdaşlıq edən şirkətlərin üzərinə düşür.