Sumqayıt şəhərində fəaliyyət göstərən “Osmanlı” restoranı cərimə olunub.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Sumqayıt şəhəri, 29-cu məhəllə, 20 Yanvar küçəsində yerləşən “Osmanlı” restoranına İnzibati Xətalar Məcəlləsinin 275.2-ci maddəsi ilə protokol yazılıb.
Belə ki, restorandan olan şikayətdən məlum olub ki, “Osmanlı” restoranında mövcud olan ventilyatorun motorundan ətrafa yayılan səs-küyün miqdarı yüksək olduğundan sakinləri narahat edir və bu hal davam edir.
Bu şikayətdən sonra aparılan yoxlama ilə İdarə tərəfindən restoran 2500 manat cərimə olunub.
Bundan sonra restoran rəhbərliyi Sumqayıt Şəhər Məhkəməsinə müraciət edib və inzibati tətbiq etmə protokolunun ləğv olunması istənilib. Məhkəmə şikayəti rədd edib. Bundan sonra Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət edilsə də, şikayət təmin edilməyib.