Qars şəhərində Şərqi Türkiyə - Azərbaycan mədəniyyətinin eyniliyi müzakirə olunub.
Milli Məclisin deputatı Hikmət Babaoğlu Yurd.Media-ya bildirib ki, simpoziumun əsas mövzuları Kafkas Universitetində Azərbaycan dili və Ədəbiyyatı kafedrasının yaranmasının 20 illiyi və Qarabağ zəfərimizin beş illiyidir.
Onun sözlərinə görə, vacib məqam Azərbaycan dili və ədəbiyyatının türk dilləri ailəsində oynadığı rolla bağlıdır:
"Qardaş Türkiyənin şərq vilayətləri Azərbaycan dili və ədəbiyyatının təsir dairəsində olan ərazilərdir. Azərbaycanın da qərbini nəzərə alsaq, bu iki bölgənin kəsişdiyi məkan Türkiyə və Azərbaycan türkcələrinin birləşdiyi, hibritləşdiyi regiondur. Bu, həm də incəsənətimizin qovşağıdır".
Milli Məclisin deputatı Hikmət BabaoğluH.Babaoğlu bildirib ki, Qarabağ zəfəri bütün türk dünyasının qələbəsidir:
"Türkiyə ilə mədəni və iqtisadi əlaqələrin möhkəmləndirilməsi, Zəngəzur dəhlizinin açılması, Qars-İqdır-Naxçıvan dəmir yolu xəttinin çəkilməsi və başqa kommunikativ əlaqələrin yaradılması zəfərin gətirdiyi reallıqlardır. Bu da öz növbəsində daha sıx əlaqə və rifah deməkdir".
MM üzvü qeyd edib ki, Türkiyədə Azərbaycan dili və ədəbiyyatına maraq böyükdür:
"Biz coğrafi məkana baxsaq, görərik ki, Ərdəhan, İqdır və Qars vilayətlərinin leksikası Azərbaycan dilinin davamıdır. Türkiyənin sözügedən vilayətlərindəki aşıq musiqisi, digər musiqi alətləri sənətləri, xalçaçılıq və digər mədəni inkişaf istiqamətləri Azərbaycanın incəsənəti ilə eynilik təşkil edir. Təsadüfi deyil ki, Azərbaycanda regional aşıq məktəbləri olduğu kimi Türkiyənin Qars və Ərdəhan bölgəsini əhatə edən Çıldır aşıq məktəbi var".
Deputat vurğulayıb ki, bütün bu mədəni inkişafın tədqiqi və işlənməsi milli kimliyimizin birləşməsi - identifikləşməsi anlamındadır:
"Şərqi Türkiyədə yaradılan şifahi xalq ədəbiyyatı, toy və şənliklərin, Novruz bayramının keçirilməsi eynilə bizim adət-ənənələrdir. Hətta həmən rituallar Şərqi Türkiyədə daha qabarıq əksini tapır, nəinki Azərbaycanda. Bu da onunla əlaqədardır ki, qərbi Azərbaycanda adət-ənənələr daha canlı icra olunsa da şərq hissədə - Abşeron bölgəsində nisbətən zəifləyib. Bu həmçinin qərbi Azərbaycandan - öz ata-baba yurdundan Türkiyəyə köç etmiş əhalinin orada yaşatdığı mədəniyyətdir. Cənab Prezident İlham Əliyevin vurğuladığı kimi: "Biz türk dünyasının birliyi üçün vahid ideoloji-siyasi xətdə birləşməliyik. Çünki bizim türk ailəsindən başqa ailəmiz yoxdur".