SÜJET

Böyük Qayıdış Bank Süni intellekt Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq
Serbiyada Üzeyir Hacıbəylinin 140 illik yubileyi qeyd edilib

Serbiyada Üzeyir Hacıbəylinin 140 illik yubileyi qeyd edilib

  • 17 noyabr 2025, 16:51

Azərbaycanın Serbiyadakı səfirliyi dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 140 illik yubileyi münasibətilə Belqrad Filarmoniyasında konsert təşkil edib.

Yurd.Media xəbər verir ki, tədbirdə 200-dək qonaq, Azərbaycan Respublikasının Ombudsmanı Səbinə Əliyeva, o cümlədən Serbiyanın dövlət qurumlarının təmsilçiləri, xarici ölkələrin səfirləri, hərbi attaşelər, media nümayəndələri, elm, mədəniyyət və din xadimləri, eləcə də diaspor üzvləri iştirak ediblər.

Azərbaycan və Serbiyanın himnləri Serbiyanın Müqəddəs Corc adına Simli Kamera Orkestri tərəfindən səsləndiriləndən sonra, Azərbaycanın Serbiyadakı səfiri Kamil Xasiyev çıxış edərək bildirib ki, Üzeyir Hacıbəylinin yaradıcılığı Azərbaycan xalqının milli kimliyinin və musiqi ənənələrinin formalaşmasında mühüm rol oynayıb. Onun bəstələdiyi Azərbaycan Respublikasının Dövlət Himni uzun illərdir ölkəmizin azadlıq, müstəqillik, suverenlik və ərazi bütövlüyü ideallarını ifadə edən əsas simvollardan biri kimi çıxış edir. Səfir tədbirin Azərbaycanın Vətən Müharibəsində qələbəsinin 5-ci ildönümü və müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının 30-cu ildönümü dövrünə təsadüf etməsi bu yubileyin əhəmiyyətini artırdığını vurğulayıb.

Azərbaycan və Serbiya arasında strateji tərəfdaşlıq və dostluq münasibətlərinin yüksək səviyyəsi də tədbirdə xüsusi qeyd olunub. Səfir K.Xasiyev xatırladıb ki, Serbiya dünyada Üzeyir Hacıbəylinin abidəsinin ucaldıldığı azsaylı ölkələrdən biridir. Həmçinin bildirib ki, Serbiya Poçtu dahi bəstəkarın 140 illiyinə həsr olunmuş xüsusi poçt markası buraxaraq bu əlamətdar günə töhfə verib.

Çıxışdan sonra konsert proqramı təqdim olunub. Konsertdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dirijoru Mustafa Mehmandarovun rəhbərliyi ilə Belqraddakı Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru, eyni zamanda, Serbiya Milli Teatrının prima sopranosu Yasmina Trumbetaş Petroviç, pianoçu Mina Ristiç Yoniç, solist Orxan Cəlilov, pianoçu Vasif Hüseyn, tarzən İbrahim Babayev, balabançı Məqsəd Əzizov, “Ritm” rəqs qrupu və Serbiyanın Müqəddəs Corc adına Simli Kamera Orkestri Üzeyir Hacıbəylinin, həmçinin serb bəstəkarı İsidor Bayiçin əsərlərini ifa ediblər.

Tamaşaçıların böyük marağına səbəb olan musiqiçilərin çıxışları alqışlarla qarşılanıb.

Prime Leasing
SPE Annual Caspian