Elm və Təhsil Nazirliyinin dəstəyi və “STEAM Azərbaycan” layihəsinin təşkilatçılığı ilə 17–19 noyabr tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən Beynəlxalq STEAM Azərbaycan Festivalına start verilib.
Yurd.Media xəbər verir ki, açılış mərasimində dövlət qurumlarının rəsmiləri, millət vəkilləri, rektorlar, ETN-in elmi-tədqiqat institutlarının direktorları, beynəlxalq təşkilatların təmsilçiləri, media qurumlarının rəhbərləri, təhsil mütəxəssisləri, tanınmış ictimaiyyət nümayəndələri və digər qonaqlar iştirak ediblər.
Əvvəlcə Dövlət Himni səsləndirilib. Daha sonra SAF festivalının 5 illiyinə həsr olunmuş videoçarx nümayiş olunub.
"STEAM Azərbaycan" layihəsinin rəhbəri İqrar Nəzərov keçirilən festivalın açılışında deyib ki, Qarabağ Universitetinin tələbələri də bu gün bizim festivalda iştirak edirlər.
O bildirib ki, iştirakçılar yarış boyu tam fərqli formatda Olimpiadaya qatılmaq imkanı əldə edəcəklər:“Olimpiada onlayn formatda bu zalda keçiriləcək. Bu il ümumiyyətlə çox yarış kateqoriyası var. Ən çox qeydiyyat da bu il baş tutub. Festivalın final mərhələsinə 1400-dən çox iştirakçı vəsiqə qazanıb. Onlardan 202-si 19 xarici ölkəni təmsil edir. Ümumilikdə isə festivalda təmsil olunan ölkələrin sayı Azərbaycanla birgə 22-dir”.
Elm və təhsil naziri Emin Əmrullayev isə Festivalın açılış mərasimində bildirib ki, növbəti tədris ilindən etibarən Qarabağ Universitetində STEAM ayrıca ixtisas kimi tədris olunacaq.
O deyib ki, ilk günlə müqayisədə bu gün 50 dəfədən artıq şagird STEAM layihəsində iştirak edir:
"Çalışırıq ki, yeni tikilən məktəblərdə STEAM olsun. STEAM Azərbaycan layihəsi 300 mindən çox şagirdi, 400-dən çox məktəbi özündə birləşdirir".
Xatırladaq ki, festival çərçivəsində 18 yarış kateqoriyası üzrə 20-dən artıq ölkədən minlərlə şagird, tələbə, mentor və ekspert iştirak edir. Yarış kateqoriyaları robototexnika, süni intellekt, bərpaolunan enerji, dron və peyk texnologiyaları, incəsənət, innovativ layihələr və mühəndislik sahələrini əhatə edir.