SÜJET
Prezident İlham Əliyev "Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında" 2021-ci il 25 yanvar tarixli nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) Yurd.Media-ya bildirilib ki, dəyişiklik 2014-cü il yanvarın 1-dən 2023-cü il yanvarın 1-dək yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış şəhid ailələrinin və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün Sərəncamda qeyd edilən 2021-2025-ci illər dövrü 2021-2030-cu illər olaraq müəyyən edilib.
Hər il dövlət büdcəsinin tərtibi prosesində dövlət əsaslı vəsait qoyuluşunda (investisiya xərclərində) bununla bağlı vəsait də nəzərdə tutulacaq.
Mühüm sosial proqramlardan biri olan şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatı proqramı tarixi Zəfərimizlə başa çatan Vətən müharibəsindən sonra 5 dəfə genişlənib.
Onlara Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən postmüharibə dövründə 6,8 min, ümumən ötən dövrdə 16 min mənzil və fərdi ev təqdim edilib, bu il isə daha 1 000 mənzil verilməsi nəzərdə tutulub.