Havaların soyuması ilə evlərdə qaz sobaları və elektrik qızdırıcılarından istifadə artır. Lakin istilik ehtiyacını qarşılamaq istəyən insanlar bəzən təhlükəsizlik qaydalarını unudurlar. Nasaz qaz cihazları, tutulmuş tüstü bacaları və düzgün işləməyən havalandırma sistemləri qış aylarında yanğın və dəm qazından zəhərlənmə riskini artırır.
Xüsusilə dəm qazı ciddi təhlükə mənbəyidir. Rəngsiz və qoxusuz olduğu üçün insan onun mövcudluğunu hiss edə bilmir. Baş ağrısı, başgicəllənmə, ürəkbulanma və halsızlıq isə zəhərlənmənin ilkin əlamətləri hesab olunur.
Fövqəladə Hallar Nazirliyindən Yurd.Media-ya bildirilib ki, dəm qazından qorunmaq üçün qaz cihazlarının saz və standartlara uyğun olmasını, havalandırma sistemlərinin işlək vəziyyətdə saxlanılmasını tövsiyə edilir.
Nazirliyin məlumatına görə, qaz cihazı olan məkanın hündürlüyü 2 metr 20 santimetrdən az olmamalı, nəfəslik açıq saxlanılmalıdır. Hamam otaqlarında ventilyasiya borusu və qapının aşağı hissəsində hava keçidi üçün dəliklər olmalıdır. Tüstü bacaları isə ildə iki dəfə təmizlənməlidir.
Dəm qazından zəhərlənmə baş verdikdə zərərçəkən dərhal təmiz havaya çıxarılmalı, nəfəsalmasını çətinləşdirən geyimlərdən azad edilməli və təcili tibbi yardım çağırılmalıdır.

Yanğın riskini necə azaltmalı?
Qış aylarında elektrik qızdırıcılarının nəzarətsiz saxlanılması, köhnə naqillərdən istifadə və elektrik şəbəkəsinin həddindən artıq yüklənməsi də yanğın təhlükəsi yaradır.
Mütəxəssislər qızdırıcıların pərdə və mebel kimi yanar əşyalardan uzaq yerləşdirilməsini, nasaz elektrik cihazlarından istifadə edilməməsini tövsiyə edirlər. Qaz plitəsindən otağı isitmək məqsədilə istifadə etmək də yolverilməzdir.
Evlərdə dəm qazı detektorlarının quraşdırılması təhlükənin vaxtında aşkarlanmasına kömək edə bilər. Qaz iyi hiss edildikdə elektrik açarlarına toxunmaq və açıq oddan istifadə etmək olmaz. Təhlükəsiz şəkildə qazın verilişini dayandırmaq, qapı-pəncərələri açmaq, binanı tərk etmək və qəza xidmətinə məlumat vermək lazımdır.
Qışa hazırlıq yalnız evin isti saxlanılması deyil, həm də ailə üzvlərinin həyatının qorunmasıdır. Unutmayaq ki, təhlükəsizlik qaydalarına əməl etmək bəzən bir insanın həyatını xilas edə bilər.