Sənaye və məişət tipli su hazırlanması, təmizlənməsi, su texnologiyaları və mühəndisliyi sahəsində fəaliyyət göstərən “Aqualink Azerbaijan”da yeni təyinat baş tutub.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, Rəşad Hüseynli “Aqualink Azerbaijan” MMC-də kommersiya direktoru vəzifəsinə təyin olunub.
Rəşad Hüseynli bundan əvvəl 2014-cü ilin aprelindən 2025-ci ilin dekabrınadək Almaniyanın enerji şirkəti “Uniper”in Azərbaycandakı nümayəndəliyinin rəhbəri olub. O, eyni zamanda 2016-cı ilin iyulundan 2025-ci ilin dekabrınadək “SOCAR-Uniper” MMC-nin İdarə Heyətinin üzvü kimi fəaliyyət göstərib.
“Uniper”də çalışdığı dövrdə Rəşad Hüseynli şirkətin Azərbaycandakı fəaliyyətinə rəhbərlik edib, biznesin inkişafı strategiyalarının hazırlanması və həyata keçirilməsində, enerji resurslarının tədarükü ilə bağlı kommersiya imkanlarının genişləndirilməsində iştirak edib. O, həmçinin dövlət qurumları və yerli enerji şirkətləri ilə əlaqələrin qurulmasına rəhbərlik edib.
Rəşad Hüseynli 2010-cu ilin yanvarından 2014-cü ilin aprelinədək IRZ təşkilatının Azərbaycandakı ofisinin rəhbəri olub. O, bu vəzifədə hüquqi və institusional islahatlarla bağlı beynəlxalq proqramlarda iştirak edib, dövlət qurumları ilə əməkdaşlıq və layihələrin idarə olunması sahələrində fəaliyyət göstərib.
Bundan əvvəl, 2005-ci ilin aprelindən 2010-cu ilin dekabrınadək Almaniyanın TAUBER Unternehmensgruppe şirkətində layihə meneceri vəzifəsində çalışıb. Bu müddətdə infrastruktur və yeraltı tikinti layihələrinin planlaşdırılması, büdcələşdirilməsi və idarə olunması ilə məşğul olub.
Rəşad Hüseynli