Abşeron Rayon Mərkəzi Xəstəxanasına son günlər çoxlu sayda uşaq gətirildiyi və onların əksəriyyətinin çimərliyə getdikdən sonra vəziyyətinin pisləşdiyi iddia olunur.
Yurd.Media xəbər verir ki,xsəstəxananın tibb bacısı olduğunu iddia edən şəxs sosial şəbəkələrdə paylaşdığı məlumatda, müraciət edənlərin əksəriyyətinin Novxanı çimərliyi ərazisində olduqlarını və onlarda ishal, qızdırma, qusma kimi əlamətlərin müşahidə olunduğunu qeyd edib. Hətta uşaqlardan birinin bağırsaq infeksiyası səbəbilə dünyasını dəyişdiyi də bildirilir.
“APA TV”nin Abşeron Rayon Mərkəzi Xəstəxanasına ünvanladığı sorğuya cavab olaraq xəstəxana yayılan məlumatların dezinformasiya xarakteri daşıdığını açıqlayıb:
“Sosial media resurslarında Abşeron Rayon Mərkəzi Xəstəxanasının uşaq şöbəsində çimərlikdən gətirilən azyaşlılarda bağırsaq infeksiyası hallarında artım müşahidə olunduğu və bir uşağın vəfat etdiyi haqqında yayılan məlumatlar həqiqəti əks etdirmir. Sözügedən şöbəyə edilən müraciətlər epidemioloji xarakter daşımır, kütləvi yoluxma qeydə alınmayıb və hər hansı ağır kliniki hal müşahidə olunmayıb. Məlumatı yayan şəxs isə xəstəxananın əməkdaşı deyil”.
Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən verilən məlumata görə, hazırda Abşeron yarımadasında, eləcə də respublikanın şimal və cənub rayonlarında fəaliyyət göstərən çimərliklərdə mərkəz tərəfindən monitorinqlər davam etdirilir:
“Monitorinqlər kompleks şəkildə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti əməkdaşlarının iştirakı ilə həyata keçirilir. Çimərlik mövsümünün keçən dövrü ərzində hər hansı yoluxucu xəstəlik hadisəsi qeydə alınmayıb. Dəniz suyunda bakterioloji çirklənmə aşkarlanan ərazilərdə nəzarət tədbirləri davam etdirilir.”