Azərbaycan Premyer Liqasında 33-cü turun 2 oyunu keçirilib.
Yurd.Media xəbər verir ki, əvvəlcə “Kəpəz” və “Neftçi” komandaları üz-üzə gəlib.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutan qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Baş hakim Vüqar Həsənlinin idarə etdiyi görüşdə yeganə qolu 54-cü dəqiqədə Freddi Varqas vurub.
Qarşılaşmanın 65-ci dəqiqəsində “ağ-qaralar”ın futbolçusu İfeanyi Metyu qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub.
Beləliklə, ötən tur avrokuboklara vəsiqəni təmin edən Yuri Vernidubun komandası xalını 59-a çatdırıb. Azər Bağırovun rəhbərlik etdiyi kollektiv isə mövsümü 27 xalla 10-cu pillədə başa vurub.
Növbəti oyunda “Araz-Naxçıvan” “Zirə” ilə qarşılaşıb.
"SOCAR Polymer Arena"da baş tutan görüş məhsuldar alınıb. Meydan sahibləri rəqibini 3:2 hesabı ilə məğlub edib.
“Araz-Naxçıvan”ın qollarını 15-ci dəqiqədə P. Andrade, 32-ci dəqiqədə F. Santos və 73-cü dəqiqədə R. Maçado vurub. “Zirə”nin heyətində isə 69-cu dəqiqədə R. Renato, 82-ci dəqiqədə M. Junior fərqlənib.
Bu nəticədən sonra “Araz-Naxçıvan” turu qələbə ilə başa vurub, “Zirə” isə səfərdən xalsız dönüb.
Qeyd edək ki, Rəşad Sadıqovun yetirmələri son dəqiqələrdə penaltidən yararlana bilməyib.