SÜJET
Ailənin formalaşmasına təsir edən faktorlar
Elmi nəzəriyyələrdə ailənin formalaşması prosesini böyük mənada üç faktorla əlaqələndirirlər. Buraya bioloji və genetik bağlılıq, sosial və mədəni faktorlar, nəhayət, iqtisadi və hüquqi amillər daxildir. Hər bir amil ailənin strukturuna, funksiyalarına fərqli istiqamətlərdən təsir göstərir.
Bioloji bağlar ailənin mövcudluğunun təbii əsaslardır. Valideyn və övlad arasında olan genetik əlaqə, ailə bağlarının davamlılığını təmin edir. Yaxın qohumlardan ibarət olan ailə cəmiyyəti formalaşdıran əsas sosial qrup sayılır. (https://archive.org/details/BehavioralGeneticsSixthEdition/page/n3/mode/2up). İnsan ailədə dünyaya gəlir, onun vasitəsilə uşaqların ilkin sosiallaşması və tərbiyə edilməsi başlayır. Araşdırmalar göstərir ki, insanın şəxsiyyət kimi formalaşmasında genetik irsin təsiri 40–60%-ə vardır. Böyüklərə hörmət və qayğı göstərmək, ətraf mühitlə mədəni davranmaq vərdişləri ilkin mərhələdə ailədə formalaşır (https://www.elibrary.az/docs/QAZET/qzt2017_1084.htm)
Genetik əlaqələrlə yanaşı sosial-mədəni mühit də ailə birliyinə ciddi təsir göstərir. Sosial mühit, din, etnik mənsubiyyət və ictimai rollar ailənin quruluşunu formalaşdırır. Bu amil zamanla dəyişir. UNESCO-nun ailə institutları ilə bağlı hesabatında qeyd olunur ki, qloballaşmanın təsiri ilə mədəniyyətlərarası fərqliliklər ailə modellərinin müxtəlifliyinə səbəb olur (https://unesdoc.unesco.org/ark:/48223/pf0000371488).
Ənənəvi və müasir ailə modelləri
Ənənəvi və müasir ailə modelini bir-birindən əhəmiyyətli dərəcədə fərqləndirən amillər mövcuddur. Bu amilləri ailə strukturu, rol bölgüsü, dəyərlər və münasibətlər, nikah və boşanma kontekstində təsnif etmək mümkündür.
Ənənəvi ailə modeli geniş struktura malikdir. Valideynlər, övladlar, nənə-babalar və digər qohumlar bir evdə birgə yaşayırdılar. Bu modeldə ailədaxili münasibətlər çox vaxt patriarxal sistem üzərində qurulurdu. Müasir dövrdə isə nüvə ailə modeli – yalnız valideynlər və uşaqlardan ibarət olan quruluş – daha çox yayılmışdır. Gənc ailələr müstəqil yaşamağa və öz ailə məkanlarını yaratmağa üstünlük verirlər.
Rol bölgüsündəki dəyişikliklər müasir ailəni klassik modeldən fərqləndirən əsas cəhətlərindəndir. Ənənəvi modeldə kişi əsas təminatçı və ailənin başçısı, qadın isə uşaq tərbiyəsi və ev işləri ilə məşğul olan fiqur kimi görünürdü. Müasir ailələrdə bu rollar bərabər əsasda paylaşılır. Bu dəyişiklik qadınların əmək bazarına daha çox daxil olması və cəmiyyətin gender rollarına münasibətinin dəyişməsi ilə bağlıdır. (https://www.shortcutstv.com/text/giddens5th.pdf)
Dəyərlər və münasibətlər də ciddi dəyişikliklərə məruz qalmışdır. Ənənəvi ailələrdə böyüklərə itaət və ailə başçısının qərarları əsas sayılırdısa, müasir ailələrdə qərarlar çox zaman demokratik əsaslarla qəbul olunur. Şəxsi sərbəstlik və qarşılıqlı anlaşma əsas dəyərə çevrilmişdir.
Nikah və boşanma sahəsində də müşahidə edilən dəyişikliklər ailə institutuna təsirsiz ötüşmür. Ənənəvi ailələrdə boşanma nadir hal idi və ailənin davamlılığı üçün fədakarlıq əsas sayılırdı. Müasir ailə modellərində isə fərdi xoşbəxtlik ön plandadır və bu da boşanma hallarının artmasına səbəb olur. BMT-nin 2020-ci il hesabatına əsasən, son 20 ildə qlobal səviyyədə boşanma halları 35%-dən çox artıb. (https://www.un.org/development/desa/family/wp-content/uploads/sites/23/2020/05/VNR-PAPER.FINAL_.08.05.pdf)
Müasir ailə modelinin gətirdiyi sosial təsirlər
“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalovanın fikirləri bu dəyişiklikləri aydın şəkildə ortaya qoyur: “Müasir dövrün tələbləri ailədə qadının da işləməsini zəruri edir. Belə olan halda isə ənənəvi ailə modelinin davam etdirilməsi məsələsində müəyyən ziddiyətlər yaranır.”
Həqiqətən də, qadınların işləməsi ailədaxili rol bölgüsünü dəyişir. Bu isə ailə daxilində yeni münasibətlərin və müzakirə əsaslı qərarların ortaya çıxmasına səbəb olur. Digər tərəfdən, yaşlı nəslin ailə həyatından kənarda qalması, onların qocalar evlərinə yerləşdirilməsi kimi hallar müasir ailənin struktur dəyişikliyini, sosial məsuliyyət anlayışının transformasiyasını əks etdirir.
Uşaqlara yanaşmada da dəyişiklik var. Ənənəvi ailədə çoxuşaqlılıq yayılmışdı, qardaş və bacılar bir-birinə dayaq olurdu. Müasir ailələrdə isə iqtisadi və sosial səbəblərlə uşaqların sayı azalır, valideynlər uşaq tərbiyəsinə fərdi yanaşmağa çalışırlar. Bu isə həm uşağın fərdi inkişafını təşviq edir, həm də müəyyən risklər – məsələn, sosial təcrid və diqqət çatışmazlığı – yarada bilir.
Bununla yanaşı, müasir ailə modeli bəzən milli dəyərlərlə ziddiyyət təşkil edir. Gender bərabərliyinin yalnış başa düşülməsi ailədaxili iyerarxiyanın pozulmasına gətirib çıxarır. Bu da ailədə qarşılıqlı hörmətin azalmasına və münaqişələrin artmasına səbəb olur.
Nəticə
Müasir və ənənəvi ailə modelləri arasında ciddi fərqlər mövcuddur. Hər iki modelin özünəməxsus üstünlükləri və çatışmazlıqları vardır. Ənənəvi model ailə bağlarını və kollektiv məsuliyyəti önə çəkirdisə, müasir model şəxsi sərbəstlik, gender bərabərliyi və qarşılıqlı anlaşmanı üstün tutur. İdeal isə bu iki modelin müsbət cəhətlərinin birləşdirilərək tarazlı ailə institutunun formalaşdırılmasıdır.
Dövlət və cəmiyyət müasir ailə modelini qəbul etməklə yanaşı, milli ənənə və dəyərlərin qorunmasına da önəm verməlidir. Yalnız bu halda ailə institutu həm zamanın çağırışlarına cavab verər, həm də cəmiyyətin əsas dayağı olaraq möhkəm qalmağa davam edər.
Məqalə Azərbaycan Jurnalistlərinin Həmrəyliyi Komitəsi İctimai Birliyi tərəfindən hazırlanıb.
Hazırladığımız məqalələr maarifləndirici xarakterlidir. Media təmsilçilərində Modern ailə dəyərlərinin təşviq edilməsində jurnalistlərin rolunun artırılması mövzusunda təsəvvür formalaşdırmaq məqsədi daşıyır.
Fəaliyyət Azərbaycan Jurnalistlərinin Həmrəyliyi Komitəsi İctimai Birliyi (AJHK İB) tərəfindən icra olunan “Ənənəvi dəyərlərin mediada təşviqi" adlı layihə çərçivəsində icra edilir. Layihənin maliyyə dəstəkçisi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.
Proqram çərçivəsində ümumilikdə 14 məqalənin dərc edilməsi nəzərdə tutulub.
AZƏRBAYCAN RESPUBLİKASININ
QEYRİ-HÖKUMƏT TƏŞKİLATLARINA
DÖVLƏT DƏSTƏYİ AGENTLİYİ
Məqalələrin məzmununda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.