"Minatəmizləmə prosesində təmizlənməsi çətin olan ərazilər coğrafi, iqlim və minalarla çirklənmə səviyyəsinə görə fərqlənir və hər bir əraziyə görə də təmizləmə metodologiyası tətbiq edilir.
Minalarla ən çox çirklənmiş ərazilər keçmiş təmas xətti əraziləri hesab edilir, burada minaların sayı və sıxlığı, qarışıq mina sahələri, minaların ətrafında metalla çirklənmə yüksək səviyyədədir. Eyni zamanda, orada qurulmuş tələ məftilləri, səngərlər, istehkamlar da prosesi mürəkkəbləşdirən amillərdəndir".
Bu fikirləri Yurd.Media-ya açıqlamasında Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin Metodologiya və Təlim şöbəsinin müdiri Adil Aslanov deyib. O, həmçinin minatəmizləmədə hava şəraitinin prosesə təsirindən də danışıb:
"Sıx bitki örtüyü, meşəlik və dağlıq ərazilərdə də minatəmizləmə əməliyyatlarının öz çətinliyi vardır. Bu kimi ərazilərdə mexaniki vasitələr və minaaxtaran itlərin dəstəyindən istifadə məhdudlaşır. Minaaxtaranlar ərazini qarış-qarış təmizləyərək, detektorun əks etdirdiyi hər bir siqnalı tədqiq edir.
Beynəlxalq Minatəmizləmə Standartlarına əsasən minatəmizləmə prosesində hava şəraitinin də özünəxas təsiredici amilləri vardır. Yağışlı, qarlı və çox küləkli hava şəraiti, eləcə də həddən artıq isti havalar minatəmizləmə fəaliyyətinə təsir edir. Yağmurla havalarda ərazinin palçıqlı olması ilə əlaqədar minaaxtaranın təhlükəli əraziyə sürüşmə ethimalı ola bilər, küləkli havada külək partlayıcı qoxusunu ətrafa yayaraq minaaxtaran itlərin fəaliyyətini məhdudlaşdırır. Yay aylarında isə müxtəlif həşəratlar, sürünənlər təhlükəsi də qaçılmaz olur".