Ümumdünya Tualet Günü hər il noyabrın 19-da dünyada tualetsiz qalan insanların problemini qabartmaq məqsədilə 2001-ci ildən qeyd edilir. Dünyada milyardlarla insan ayaqyolu problemindən, normal sanitar şəraitin olmamasından əziyyət çəkir.
Hindistan, Banqladeş, Nigeriya kimi ölkələrdə əhalinin böyük əksəriyyətinin normal ayaqyolundan istifadəyə və adi gigiyenanı gözləməyə imkanı yoxdur. Bir tərəfdən kasıb əhalinin həm tualet inşa etmək imkanı yoxdur, həm də təmiz suya çıxışı məhduddur. İqtisadi cəhətdən geridə qalan bir çox ölkələrdə problem həllini heç cür tapa bilmir. Nəticədə Banqladeşdə 100 minlərlə insan antisanitariya səbəbindən yaranan epidemiyaların qurbanına çevrilir, ağır xəstəliklərlə üzləşir, həyatını itirir.
İnkişaf etmiş ölkələrdə ayaqyolu məsələsi həm dövlətin, həm də yerli idarəetmə orqanlarının daim diqqətində olur. Qəbul edilən qanunlar, qərarlar insanın təbii ehtiyacının normal qaydada ödənilməsinə xidmət edir. Bu istiqamətdə problemlər də az deyil. Almaniyada hər il keçirilən pivə festivalları Münhen, Köln, Düsseldorf kimi şəhərlərin sanitar vəziyyətini ağırlaşdırır. Həddən artıq alkoqol qəbul etmiş vətəndaşların öz davranışına nəzarət etməsi müşkülə çevrilir. Parklar, ictimai yerlər ayaqyolu kimi istifadə edilir. Nəticədə hər böyük festivaldan sonra bu şəhərlərin təmizlik xidmətində çalışan işçiləri günlərlə çalışmalı olurlar.

Berlində bəzən parkları bilərəkdən batıran insanlar da var. Onların fikrincə, insanın istədiyi yerə zibil atmaq, öz təbii ehtiyacını istədiyi yerdə ödəmək azadlığı olmalıdır. Heç bir cərimə belə düşüncədə olan insanları ictimai məkanları batırmaqdan yayındıra bilmir. Berlində hətta xüsusi könüllü təşkilatları da yaranıb. Hər şənbə parkları gəzib təmizlik edirlər. Buradan yığışdırırlar, oradan da özünü azad sayanlar həmin yerləri bilərəkdən zibilləyirlər. Böyük şəhərlərin belə problemləri az deyil.
Yurd.Media-nın araşdırmasına görə, Azərbaycanda bu məsələdə həm pozitiv, həm də neqativ məqamlar az deyil. Bəzi ölkələrlə müqayisədə Azərbaycanda kiminsə evində ayaqyolunun olmaması kimi hala rast gəlinmir. Söhbət rahat şəraitin olub-olmamasından gedə bilər. Hələ də bəzi regionlarda rahat və isti ayaqyolunun evin daxilində olmasını inkar edən düşüncə var. Yəni “bu natəmiz yeri mütləq evdən kənara çıxarmaq lazımdır” kimi düşünənlər ayaqyolunu haradasa həyətin uzaq yerində inşa edirlər. Qışın soyuğunda, yağışlı-qarlı havada həyətə getməyə bir növ məhkumsan. Həmin düşüncə sahibləri ayaqyolunu evdən kənar etməklə ailənin digər üzvlərinə çətinlik yaradırlar. Tədricən bu yanaşma da yoxa çıxmaqdadır, çünki belə ayaqyolu sistemi təkcə qadınlar və uşaqlar üçün deyil, həm də yaşlı və xəstə insanlar üçün də ciddi problemdir.

İctimai ayaqyolu məsələsində isə ciddi problemlər yaşanır. İlk növbədə ölkənin rayonlarında ictimai ayaqyolu tapmaq müşkül məsələdir. Ya inşa edilmir, ya da çox ciddi antisanitar vəziyyət hökm sürməkdədir. Hətta rayon yollarında rast gəlinən çoxlu sayda kafe və restoranların fərli-başlı tualetləri olmur. Azərbaycan insanı nədənsə bu məsələyə diqqət yetirməkdən yayınır, hətta burada qəribə bir yaşanma ilə rastlaşırıq. Gözəl bir obyektin heç də ürəkaçan ayaqyolusu olmur, təmizliyə diqqət yetirilmir.
Bakıda ayaqyolu problemində ötən illərə nisbətən irəliləyiş duyulur. Şəhərdə inşa edilən böyük ticarət obyektlərində, hipermarketlərdə havayı tualetlər var. Digər tərəfdən metronun bir sıra stansiyalarının çıxışlarında pullu sanitar qovşaqlar tikilib. Şəhərin mərkəzində ayaqyolu tapmaq olur. Həmçinin Bakıda fəaliyyət göstərən bazarların hamısında kifayət qədər ayaqyolu var.
Bakılıların daha bir yerdə havayı ayaqyolundan istifadə etmək imkanı var. O da Bakıdan Sumqayıta və əksinə hərəkət edən sürət qatarlarında. Hər vaqonda istifadəyə yararlı tualet var. Sıxlıq səbəbindən bəzən bu imkandan yararlanmaq elə də asan olmasa da, hər halda bir imkandır.
Ayaqyolu məsələsində problemlər də az deyil. Dünyada qəbul edilmiş normativlərə görə, hər min şəhər sakininə bir ictimai ayaqyolu olmalıdır. Dünya praktikasında meqapolislərdə şəhər sakinlərinə azad formada öz sanitar qovşağından istifadə etməyə imkan yaradan ictimai iaşə obyektlərinin vergisi azaldılır. Bir sözlə, insan rahat formada öz ehtiyacını ödəməlidir. Bunun üçün hər bir şərait var. Bakıda belə imkanlar xeyli zəifdir. Məntiqlə şəhərdə ən azı 4500 ictimai ayaqyolu olmalıdır, amma yoxdur. Heç pullu tualetlərin sayı yetərli deyil. Restoran və kafelərə azad girişdən danışmağına dəyməz. Bu sahədə bələdiyyələrin də ciddi fəaliyyəti yoxdur. Fərdi sahibkarlar isə o qədər də maraqlı deyillər.
Şəhərin mərkəzindən bir qədər kənarda hansısa ayaqyolu tapmaq isə mümkünsüzdür. Çox axtarsan, bəlkə taparsan. Problemi həll etməyin yolu varmı? Əlbəttə var. İlk olaraq qanunda dəyişiklik olmalıdır. Yəni nəyimiz olmasa da, obyektlərimiz boldur. Orta tutumlu bütün marketlərdə mütləq sanitar qovşaq olmalıdır. Ya daxildə, ya obyektin xaricində inşa edilməlidir. Qanun bunu tələb etməlidir. Açıq havada fəaliyyət göstərən çayxanalar, kafelərin önündə mütləq biotualetlər qurulmalıdır, kartla ödəniş də ola bilər. Bundan əlavə Azərbaycan Dəmir Yollarında (ADY) hərəkət edən hər qatarda tualet olduğu kimi, hər stansiyasında da sanitar qovşaq olmalıdır. Böyük stansiyalarda var, amma Zabrat 1, Zabrat 2 və ya Məmmədli ərazisində yoxdur. Hətta “Koroğlu” metro stansiyasında olan tualetlər ADY sisteminə aid deyil. Bu imkanlı təşkilat üçün hər stansiyada sanitar qovşaq inşa etmək problem deyil. Hətta bu qanunda olmasa belə.
Azərbaycan özünü turist ölkəsi kimi dünyaya təqdim etdiyindən, Bakı kimi böyük bir şəhərdə minlərlə bio və ya adi tualet quraşdırılmalıdır. Bu elə bir pul tələb edən bir iş deyil. İctimai tualetlər barədə qanun qəbul edilməli, onun icrasına da nəzarət mexanizmi qurulmalıdır. Obyekt sahiblərini də ayaqyolu inşa etməkdə maraqlandırmaq olar. İctimai çimərliklərdə də yüzlərlə sanitar qovşağın qurulmasına ciddi tələbat var.
Subaşına getmək problemə yox, rahat bir işə çevrilməlidir.