Bakıda istismarı Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmadan fəaliyyət göstərən mebel sexi aşkarlandı.
Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən Yurd.Media-ya bildirilib ki, Dövlət Yanğın Nəzarəti Xidməti daha bir yanğın təhlükəli sexin fəaliyyətini dayandırıb.
Bildirilib ki, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsində yerləşən mebel sexində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində bir sıra nöqsanlar aşkar edilib.
Belə ki:
- obyekt avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusu ilə təmin olunmayıb;
- obyektdə daxili yanğın kranları quraşdırılmayıb;
- elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydaları”nın tələblərinə uyğun quraşdırılmayıb, o cümlədən elektrik naqilləri yanar materialların üzəri ilə çəkilib, elektrik təsərrüfatına profilaktik baxış keçirilərək kabel və naqillərin izolyasiyasının gərginliyə qarşı müqaviməti ölçülməyib;
- obyekt odsöndürən balonlarla tam təmin olunmayıb və mövcud odsöndürən balonların tərkibi isə yenisi ilə əvəz edilməyib;
- obyektin daxilində boyama otağı havalandırma sistemi ilə təmin edilməyib və otağın arakəsmə divarları və tavan hissəsi yanar materialla üzlənib;
- yanğın zamanı insanların təxliyə edilməsi üçün köçürmə planı tərtib olunmayıb;
- təxliyə yolları yanğın təhlükəsizliyinin tələblərinə uyğun saxlanılmayıb;
- taxta konstruksiyalara odadavamlı məhlul hopdurulmayıb;
- obyektdə standarta uyğun olmayan elektrik qızdırıcı cihazlardan və metal sobadan istifadə olunur;
- obyektin daxili taxta yonqarlarından təmizlənməyib;
- işçilər yanğın təhlükəsizliyi üzrə təlimatlandırılmayıb və xüsusi jurnalda qeydlər aparılmayıb;
- obyektin daşınmaz əmlakı “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sığorta olunmayıb;
- obyektin istismarı Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmayıb.
Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.
Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsində yerləşən mebel sexinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.