SÜJET
Yeni Ələt-Astara magistralında yolkənarı ticarətin getdikcə genişlənməsi təhlükəli vəziyyətlər yaradır.
Yurd.Media Teleqraf-a istinadən xəbər verir ki, Yeni Ələt-Astara magistralının Lənkəran şəhərindən keçən hissəsi hazırda yolkənarı böyürtkən satıcılarının məskəninə çevrilib.
Əsasən körpülərin alt hissəsində toplaşan ətraf kənd sakinləri böyürtkən meyvəsini xüsusi qablarda magistral boyunca hərəkət edən sürücülərə satmağa çalışırlar. Satıcılar bir çox hallarda müştəri cəlb etmək məqsədilə magistralın hərəkət zolağına qədər çıxırırlar ki, bu da hər an ciddi yol-nəqliyyat hadisəsinə səbəb ola bilər.
Qeyd edək ki, magistralın Lənkəran və Masallı arasında yerləşən əraziləri böyürtkən kolları ilə zəngindir. Yerli sakinlər bu giləmeyvəni toplayaraq birbaşa magistral kənarında satışa çıxarırlar.
Ekspertlər bildirirlər ki, bu cür nəzarətsiz və qeyri-rəsmi ticarət həm nəqliyyatın təhlükəsizliyinə mənfi təsir göstərir, həm də yol hərəkəti qaydalarının pozulmasına səbəb olur.