Antiterror əməliyyatları başlayanda iki ay idi ki, komando kimi xidmət edirdim. Vətən müharibəsində döyüşməyi necə ürəkdən istəmişdimsə, sanki Yaradan səsimi eşitmişdi.
Yurd.Media xəbər verir ki, bunu 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun həyata keçirdiyi lokal xarakterli antiterror əməliyyatlarının iştirakçısı, qazi Pərviz Veyisov bildirib..
2022-ci ilin yanvarında Vətənə borcunu ödəməyə yollanan Pərviz komando hərbi hissələrindən birində həqiqi hərbi xidmət keçib. Həmin müddətdə elə komando kimi Vətənin keşiyini çəkməyi qərarlaşdıran Veyisov müvafiq kurslardan uğurla keçərək istəyinə nail olub. 2023-cü ilin iyul ayından müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu kimi xidmətə başlayıb:
“Antiterror əməliyyatları başlayanda iki ay idi ki, komando kimi xidmət edirdim. Vətən müharibəsində döyüşməyi necə ürəkdən istəmişdimsə, sanki Yaradan səsimi eşitmişdi. Tanrı mənə ərazi bütövlüyümüz uğrunda haqq savaşımızın sonuncu mərhələsinin - Zəfər tariximizin 23 saat 43 dəqiqəlik uğurlu antiterror əməliyyatının iştirakçısı olmağı nəsib etdi. Sentyabrın 19-da Xankəndi və Xocavənd istiqamətlərində hərbi əməliyyatlara qoşuldum. Həmin döyüşlərdə iki dəfə yaralandım. Belə ki, pusquya düşmüşdük, hər tərəfdən atəş altında idik. Yaralılarımız və şəhidlərimiz var idi. Mən yaralı olan silahdaşlarıma yaxınlaşıb, vəziyyətlərini öyrənmək istəyərkən snayper gülləsinə tuş gələrək yaralandım. Sentyabrın 20-si səhər saat 5-in yarısı pusqudan çıxa bildik. Yaralıların və şəhidlərin təxliyə edilməsinə başlanmışdı. Silahdaşlarım məni də döyüş meydanından çıxaran zaman düşmənin atdığı minaatan mərmisi yaxınlığımıza düşdü. Nəticədə qəlpə yaraları da aldım. Aldığım yaralardan sonra artıq xidmətimi davam etdirə bilmədim”.
Qeyd edək ki, Pərviz Veyisov müdafiə nazirinin əmri ilə “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalla təltif olunub.