Mayın 11-də keçirilən imtahanların nəticələri elan edilib.
Yurd.Media "Teleqraf"a istinadən xəbər verir ki, imtahanda 294,1 balla ən yüksək nəticəni Sumqayıt şəhər 22 saylı tam orta məktəbin builki məzunu Gülçin Yalçın qızı Səfərli göstərib.
Belə ki, Gülçin riyaziyyat və ingilis dili fənnlərindən mümkün olan maksimum (100) balı toplayıb, azərbaycan dili fənnindən isə 100 baldan 94.1 bal toplayıb.
O deyir ki, imtahan gözlədiyi kimi keçib:
"Bilirdim ki, suallar oxuduğum mövzulardan düşəcək. Eyni zamanda, çətin və ya çaşdırıcı sualların olacağını də gözləyirdim. Təxmin etdiyim kimi oldu".
O, imtahan həyəcanının sual kitabçasını görənə qədər davam etdiyini bildirib:
"İmtahan başlayana qədər həyəcanlı idim. Suallarla tanış olandan sonra sanki həyəcanım aradan getdi. Başım tapşırıqlara qarışdı".
Ölkə birincisinin sözlərinə görə, imtahandan birincilik qazanacağı barədə heç düşünməyib:
"İmtahana yaxşı hazırlaşmışdım. Əlimdən gələni etmişdim. Özümə güvənirdim, təbii ki. Amma birincilik qazanmaq haqqında heç düşünməmişdim. Ölkə üzrə ən yüksək nəticəni toplamaq məni çox sevindirdi. Özümə inamımı artırdı, hədəflərim böyüdü".
O, riyaziyyat və ingilis dili üzrə mümkün olan maksimum balı toplayıb. İtirdiyi balları isə Azərbaycan dilindən olub. Bunun səbəbini isə açıq tipli suallarla əlaqələndirdi: "Açıq tipli suallarda mətnlə bağlı fikirlərimi tam aydın izah edə bilmədiyim üçün tam bal qazana bilmədim".
Gülçin dəqiq elmləri sevdiyini vurğulayıb.
"Hesablamarı sevdiyim üçün riyaziyyata xüsusi marağım var. Amma kimya fənnini də çox sevirəm, yaxşı oxuyuram" - Gülçin belə söyləyir.
İmtahana hazırlıq prosesində hər bir şagird üçün ailəsinin dəstəyi xüsusi əhəmiyyət daşıyır: "Ailəm mənim əlimdən gələni etdiyimi bilirdi. Ona görə də mənə güvənirdilər. Onların bu güvəni mənim üçün ən böyük dəstək idi".
Gülçin açıq tipli sualların çox olmasının tərəfdarı olduğunu deyib məni təəccübləndirdi. Çünki şagirdlər, bir qayda olaraq, açıq tipli suallardan qaçır, çox vaxt itkisi olduğunu qeyd edirlər. Amma Gülçin imtahanlarda açıq tipli sualların çox olmasını istədiyini qeyd edir: "Məncə, açıq tipli suallara cavab vermək şagirdlərin biliyini daha dəqiq qiymətləndirməyə imkan verir və bunun daha ədalətli olduğunu düşünürəm".
O qeyd edir ki, heç kimin əziyyəti yerdə qalmır: "İmtahan nəticələri açıqlananda geri dönüb baxıb peşman olmamaq üçün vaxtında əziyyət çəkmək lazımdır. Heç kimin əziyyəti yerdə qalmır. İmtahana yaxşı hazırlaşmaq lazımdır".
Gülçin təkcə dərs oxumaqla kifayətlənmir. həmçinin vaxt tapdıqca bədii, fəlsəfi kitablar da oxuyur: "Mütaliyə etməyi sevirəm. Ədəbiyyata, kitablara böyük sevgim var. Dünya klassikləri ilə, fəlsəfə ilə maraqlanıram. Bundan başqa, Sumqayıt Gənclər Evində könüllü kimi fəaliyyət göstərirəm. Bu da insanlarla ünsiyyət qurmağıma çox kömək edir".
"İmtahanda hansı fənnin sualları daha çətin idi" sualına isə Gülçin çox maraqlı cavab verdi. Onun sözlərinə görə, fənnlər üzrə sualların çətinlik səviyyəsi eyni olub, nəticələr isə şagirdlərin qavramasından asılı olaraq dəyişir: "Məncə, bütün fənnlər üzrə suallar çətinlik eyni dərəcədə idi. Sadəcə olaraq hər şagirdin qavramasından asılı olaraq dəyişir. Məsələn, mən Azərbaycan dili fənnindən açıq suallarsa çətinlik çəkdim və balı da orda itirdim".
Gülçin məktəblərinin rəhbərliyinə, müəllimlərinə təşəkkür etməyi də unutmadı: "Başda məktəbimizin direktoru olmaqla bütün müəllimlərimə minnətdaram. Bu uğurumun böyük bir hissəsini məktəbimə və müəllimlərimə borcluyam. Onların zəhməti olmasa belə yaxşı nəticə qazanmaq çətin olardı".
Gülçin Səfərli 1-ci ixtisas qrupuna hazırlaşacaq. Onun arzusu BANM-də Kimya mühəndisliyi üzrə təhsil almaqdır.