Ölkənin bir sıra şəhərlərində 8 Noyabr - Zəfər Günü münasibətilə hərbi orkestrlərin müşayiəti ilə hərbçilərin Zəfər yürüşü keçirilib.
Yurd.Media xəbər verir ki, Bakıda keçirilən yürüşdə əvvəlcə Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin, eləcə də ölkənin ərazi bütövlüyü uğrunda canından keçmiş şəxslərin xatirəsi birdəqiqəlik sükutla yad edilib.
Hərbi orkestrin müşayiəti ilə keçirilən yürüş Şəhidlər xiyabanı - "Alov Qüllələri" Kompleksi - "İçərişəhər" metrosu - Qala Qapısı - Azərbaycan Dövlət Kukla teatrı - Azneft dairəsi - Bəhram Gur heykəli istiqamətlərini əhatə edib.
Qeyd edək ki, bundan əlavə Bakıda Qəzənfər Musabəyov parkı - Əbdürrəhim Bəy Haqverdiyev küçəsi - Hüseyn Cavid prospekti - Hüseyn Cavid parkı - Parlament prospekti - Şəhidlər xiyabanı, eləcə də "Olimpik Star" İdman və Əyləncə Mərkəzi - Səməd Vurğun küçəsi - Zabitlər parkı - Bakı Dövlət Sirki - Heydər Əliyev Sarayı - İmadəddin Nəsimi heykəli - Neftçilər prospekti istiqamətlərində də yürüşlər keçirilib.
Qeyd edək ki, zəfər yürüşləri həmçinin Sumqayıt, Naxçıvan, Xankəndi, Şuşa və Laçın şəhərlərinin mərkəzi küçə və prospektlərində də baş tutub.
Xatırladaq ki, 8 Noyabr - Zəfər Günü Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı sərəncamla təsis edilib.
Ermənistanın təxribatına və növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Ordusu torpaqların işğaldan qurtarılması, Ermənistanın sülhə məcbur edilməsi, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinin yerinə yetirilməsi, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması və ədalətin bərpası üçün 2020-ci il sentyabrın 27-də Vətən müharibəsinə başladı.
Bu müqəddəs amal uğrunda bütün Azərbaycan xalqı səfərbər və həmrəy oldu. 44 gün davam edən döyüşlər zamanı Azərbaycan Ordusu 5 şəhər, 4 qəsəbə və 286 kəndi işğaldan azad edib.
Foto: Sadıq Əliverdibəyli