Zəfər günümüzün beşinci ildönümündə sizinlə birlikdə olmaqdan şadam.
Yurd.Media xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümü münasibətilə keçirilən hərbi paradda çıxışı zamanı deyib.
"Sizlərə Türkiyədəki qardaşlarınızın salamını, 86 milyonun təbriklərini gətirdim. Türk dünyasındakı qardaşlarımız da bu gün bizimlə eyni coşğunu yaşayır" deyə, o əlavə edib.
Türkiyə prezidenti bildirib ki, bu gün birlikdə 30 illik işğalı sonlandıran möhtəşəm Zəfərin 5-ci ildönümünü qeyd edirik:
“Böyük Zəfərin memarı olan İlham Əliyev qardaşımı da ürəkdən təbrik edirəm. Qarabağın azadlığa qovuşması Türk dünyası üçün də qürur mənbəyidir. Qarabağda qazanılan Zəfər Türk dünyasının tarixinə, ortaq tariximizə qızıl hərflərlə yazılıb”
O, Azərbaycanın Xalq şairi Məmməd Arazın şeirini səsləndirərək deyib: “Məmməd Araz Azərbaycan türkünün Vətən eşqini belə söyləyirdi:
Bu gün gərək
Hər anımız Vətən! - desin.
Qılıncımız, qalxanımız
Vətən! – desin.
Ölənlərin əvəzinə
Qalanımız - Vətən! - desin.
Vətən, - desin!
Qəlbimizin hər duyğusu, hər vurğusu
Vətən! - desin.
Fərqi yoxdur, harada olaq
Zamanımız, məkanımız
Vətən! - desin!
Qəlbləri hər səfərində Vətən deyə döyünən qəhrəman qazilərimizə minnət duyğularımı ifadə edir, Uca Allah onlardan razı olsun deyirəm”.