Tanınmış iqtisadçı ekspert Eldəniz Əmirov Azərbaycanın yeganə azad iqtisadi zonası olan Ələt Azad İqtisadi Zonasının (ƏAİZ) rəsmi saytında Azərbaycan dili versiyasının olmamasını ciddi çatışmazlıq kimi qiymətləndirib.
Əmirov bu məsələni zonanın nümayəndələri ilə müzakirə etdiyini və problemin əhəmiyyətini vurğuladığını bildirib. "Bu, sadə görünsə də, çox vacib bir çatışmazlıqdır," - deyə ekspert qeyd edib.
Ələt Azad İqtisadi Zonasının (ƏAİZ) rəsmi saytında Azərbaycan dili versiyasının olmaması bir neçə ciddi problemə yol açır.
Yurd.Media xəbər verir ki, bunu tanınmış iqtisadçı ekspert Eldəniz Əmirov bildirib.
"Birincisi, bu, investisiya mühitinə mənfi təsir göstərir. İkincisi, zonanın öz imicini zəiflədir. Üçüncüsü, dövlət dilinə hörmətsizlik təəssüratı yaradır. Ən əsası isə, yerli sahibkarlar üçün məlumatı əlçatmaz edir. Axı hamının ingilis dilini bilməsi kimi bir öhdəliyi yoxdur", - deyə Əmirov vurğulayıb.
O, qanunvericiliyə əsasən yerli sahibkarların və KOB-ların da bu zonadan yararlana biləcəyini xatırladıb:
"Yerli şirkətlər rezidentlərə xidmət və təchizat göstərə, müqavilə bağlayaraq xammal, avadanlıq, maliyyə və digər xidmətlər təqdim edə bilərlər".