SÜJET
Elektromobillərdə qəza zamanı təhlükəsizlik məqsədilə avtomobilin elektrik sistemi avtomatik olaraq bağlanır və nəqliyyat vasitəsi işlək vəziyyətdən çıxır.
Yurd.Media xəbər verir ki, bu rejimdən çıxmaq üçün bahalı avadanlıq, ixtisaslı ustalar və istehsalçıdan alınan xüsusi icazələr tələb olunur.
Usta İlqar İskəndərov "Xəzər xəbər"ə bildirib ki, qəza rejimi elektromobillərdə yanğın və zərərli halların qarşısını almaq üçün tətbiq edilir:
“Yüksək gərginlik olduğuna görə avtomobil qəza rejiminə keçməlidir. Bu zaman sistem özünü avtomatik söndürür. Məqsəd odur ki, alışma, qısaqapanma və ya insana zərər verə biləcək hallar baş verməsin. Bizdə belə bir hadisə olmuşdu – avtomobil alt hissədən zədələnmişdi və nəticədə qəza rejiminə keçmişdi. Həmin nəqliyyat vasitəsini biz yalnız 25 günə bərpa edə bildik.”
Ustanın sözlərinə görə, plagin-hibrid və ya tam elektriklə işləyən nəqliyyat vasitələrinin qəza rejimindən çıxarılması üçün təkcə texniki avadanlıq deyil, həm də bu sahədə ixtisaslaşmış ustalar tələb olunur. Bəzən istehsalçı ölkə ilə onlayn bağlantı qurulur və sistemin yenidən aktivləşdirilməsi üçün xüsusi icazə alınır.
“Proqram təminatı və onun altında yerləşən batareyalar çox bahalıdır. Müasir avtomobillərin diaqnostikası əsasən onlayn həyata keçirilir. Bizim istifadə etdiyimiz diaqnostik cihaz istehsalçının serverinə qoşulmalıdır. Bu zaman həmin server sizi rəsmi usta kimi tanımalıdır. Əgər siz bu statusa malik deyilsinizsə, ya tanış ustadan kömək istəməlisiniz, ya da kiməsə pul ödəməlisiniz ki, sizi sistemə rəsmi usta kimi daxil etsin.”
İlqar İskəndərov əlavə edib ki, qəza rejiminə düşən avtomobillərin sıradan çıxmış hissələri yerli mütəxəssislər tərəfindən təmir olunur və bəzən bu təmirə müəyyən müddətə zəmanət də verilir. Yəni, bir çox hallarda ehtiyat hissələrinin yenisi ilə əvəz olunmasına ehtiyac qalmır.