SÜJET

Ramazan 2026 Bank Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt
“CPC” MMC-yə qarşı iddia: tullantı suları normanı aşıb – MƏHKƏMƏ

“CPC” MMC-yə qarşı iddia: tullantı suları normanı aşıb – MƏHKƏMƏ

  • 24 mart 2026, 09:01
Oğuz

Oğuz rayonunda yerləşən “CPC” MMC qarğıdalı emalı müəssisəsinin Oğuzçay çayına zərərli maddələr axıtması müəyyən olunub. 

Yurd.Media-nın əldə etdiyi məlumata görə, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin 12 saylı Şəki-Zaqatala regional bölməsi tərəfindən şirkətdə yoxlama həyata keçirilib.

Keçirilən nəzarət tədbirləri zamanı şirkətdə formalaşan və Oğuzçay çayına axıdılan tullantı sularında zərərli maddələrin miqdarının yolverilə bilən normativlərdən artıq olması müəyyən edilib.

“CPC” MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə protokol yazılıb və iş baxılması üçün Oğuz Rayon Məhkəməsinə göndərilib.

Oğuz Rayon Məhkəməsinin qərarına əsasən MMC-nin inzibati xəta törətməsinə dair iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilib.

Qərardan Dövlət Nəzarəti Xidməti apellyasiya şikayəti versə də Şəki Apellyasiya Məhkəməsi tərəfindən təmin edilməyib.

Qeyd edək ki, “CPC” MMC Cənubi Qafqazda nişastanın emal məhsulları istehsalı üzrə ixtisaslaşmış yeganə qarğıdalı emalı müəssisəsidir. Şirkət ötən ilin oktyabr ayında nizamnamə kapitalını 80,7 milyon manatdan 16,9 milyon manata endirib, bu ilin əvvəlində isə fəaliyyətinə xitam verilərək “Eden Agro” MMC-yə qoşulub.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları