Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinədən Yurd.Media-ya bildirilib ki, müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi zamanı hərbi xidmətə yararlılıq dərəcəsi məhdud olan və ya möhlət verilən çağırışçılar yekun tibbi müayinəyə cəlb olunurlar.
Bildirilib ki, müayinələrə sıradankənar həqiqi hərbi xidmətə yararlılıq (“B” kateqoriyası), sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab edilməklə çağırışa möhlət verilməsi (“Ç” kateqoriyası), dinc dövrdə həqiqi hərbi xidmətə yararsızlıq, müharibə dövründə məhdud yararlılıq (“C” kateqoriyası), həmçinin həm dinc, həm də müharibə dövründə hərbi xidmətə yararsızlıq (“D” kateqoriyası) haqqında rəy verilmiş şəxslər cəlb edilirlər.
Qeyd edək ki, çağırışçıların yekun tibbi müayinəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin ən müasir tibbi avadanlıqlarla təchiz edilmiş Tibbi Qiymətləndirmə Mərkəzində aparılır. Bu müayinə Mərkəzi Hərbi-Həkim Komissiyası tərəfindən Nazirliyin “Tibbi şəhadətləndirmə” altsisteminə daxil edilən göndəriş əsasında e-növbəlillik qaydasında həyata keçirilir.
Mərkəz ən son müasir tibbi avadanlıqlarla təchiz edilib. Bu avadanlıqlardan istifadə edilməklə ixtisaslaşmış peşəkar həkim heyəti tərəfindən çağırışçıların qanın ümumi və biokimyəvi analizi, oftalmoloji, audiometriya, bera testi, spirometriya, ultrasəs müayinələri, elektroensefaloqrafiya, exokardioqrafiya, elektromioqrafiya, rentgen, qastroskopiya, stomatoloji müayinələri həyata keçirilir.