SÜJET

Bank Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Süni intellekt Böyük Qayıdış
Bakı memarlığının incisi –  “Kəndçilər xəstəxanası”ndan FOTOREPORTAJ

Bakı memarlığının incisi – “Kəndçilər xəstəxanası”ndan FOTOREPORTAJ

Bakı

Azərbaycan paytaxtı Bakı zəngin memarlıq irsi ilə seçilən şəhərlərdən biridir. Bu irsin nadir nümunələrindən biri də 100 ildən artıq tarixə malik, əhali arasında “Kəndçilər Xəstəxanası” kimi tanınan, keçmiş 4 saylı Şəhər Kliniki Xəstəxanasının binasıdır. Bakının Nəsimi rayonu, Füzuli küçəsi 61 (keçmiş Basin) ünvanında yerləşən, hal-hazırda istifadəsiz qalan bu möhtəşəm tikili həm memarlıq üslubu, həm də tarixi əhəmiyyəti ilə diqqət çəkir.

Tarixi köklər
Tarix üzrə elmlər doktoru Zaur Əliyevin Yurd.Media-ya verdiyi məlumata görə, bina əslində Bakı Kişi Gimnaziyası üçün inşa edilib. Bu gimnaziya 1 sentyabr 1896-cı ildə klassik altı dərəcəli təhsil müəssisəsi kimi fəaliyyətə başlayıb. 7 iyun 1896-cı ildə İmperator II Nikolayın icazəsi ilə ona İmperator III Aleksandrın adı verilib.

1896-cı ilin oktyabrında Qafqaz Təhsil Dairəsinin Qəyyumluğu gimnaziya şagirdlərinə papaqlarında və kəmərlərində “B” (Bakı) və “G” (gimnaziya) hərfləri ilə yanaşı, imperatorun "A III"  (III Aleksandr) nişanını da gəzdirməyə icazə verib.

1911-ci ildə gimnaziya üçün yeni binanın tikintisinə başlanıb. Memar Konstantin Borisoqlebskiy tərəfindən layihələndirilən bu bina inqilabdan əvvəlki Bakıda təhsil sahəsində aparılan quruculuğun nadir nümunələrindən biridir. Onun fasadında klassik formalar, monumental həcmlər və zəngin dekorativ elementlər harmonik şəkildə birləşir. Əsas fasadın mərkəzində İon üslubunda iki mərtəbəli möhtəşəm portiko, daşdan oyulmuş sütunlar və klassik üslublu tağ memarın əzəmət axtarışının göstəricisidir.

Memarlıq üslubu

Azərbaycan Memarlar İttifaqının üzvü, memar Cavid Hüseynov bildirir ki, bina barokko və rokoko üslublarının xüsusiyyətlərini özündə birləşdirir. Barokko üslubu öz təmtəraqlı, mürəkkəb formaları və heykəltəraşlıq elementləri ilə fərqlənir. Rokoko isə barokkonun daha zərif, asimmetrik formalar və incə oymalarla tamamlanmış davamıdır. Bakıdakı Bakı Şəhər İcra Hakimiyyətinin binası barokkonun, Səadət Sarayı isə rokoko üslubunun parlaq nümunələridir. Keçmiş 4 saylı Şəhər Kliniki Xəstəxanasının binasında isə bu iki üslubun harmonik sintezi müşahidə olunur.

Sovet dövrü və sonrakı illər
Sovetlər dövründə burada F. Əfəndiyev adına 4 saylı Şəhər Kliniki Xəstəxana fəaliyyət göstərib. 2018-ci ildə xəstəxanana köçürüldükdən sonra bina istifadəsiz qalıb.

Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti bildirir ki, ölkə əhəmiyyətli memarlıq abidəsi olan bina Səhiyyə Nazirliyinin balansında olub və onun mühafizəsinə dövlət tərəfindən nəzarət edilir. “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” qanuna görə, belə abidələrin bərpası onların sahibi və ya istifadəçisinin vəsaiti hesabına həyata keçirilməlidir.

Lakin Əmlak Məsələləri Dövlət  Xidmətinin cavabına əsasən, bina 1913-cü ildə inşa olunub (digər tikililəri 1945–1973-cü illərdə), uzun illər Səhiyyə Nazirliyinin balansında olub, hazırda isə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyindəki “Korporativ İdarəetmənin Təşkili və Koordinasiya Mərkəzi” publik hüquqi şəxsin balansındadır.

Memarlıq irsinin qorunması zərurəti

Türkdilli Ölkələrin Elmlər Akademiyasının professoru, Roma şəhərinin fəxri alimi, Azərbaycan Memarlar İttifaqının üzvü professor Cahid Həsənov vurğulayır ki, bu cür abidələrin qorunması şəhərin memarlıq simasının və tarixi yaddaşının mühüm hissəsidir. Onun sözlərinə görə, 4 saylı ŞKX-nın yerləşdiyi binanın bərpası yalnız memarlıq baxımından deyil, həm də mədəni irsin davamlılığı üçün vacibdir.

Foto: Sadıq Əliverdibəyli

Prime Leasing