Son günlər İranda baş verən gərginlik, eyni zamanda Rusiyanın Ukraynada davam etdirdiyi müharibə beynəlxalq aviasiya uçuşları üçün Azərbaycanın hava məkanının yeganə və əhəmiyyətli marşruta çevirib. Hava uçuşlarını onlayn təqdim edən servislərin təqdim etdiyi görüntüdən də görünür ki, uçuşlar Azərbaycan və Ermənistan arasında siyasi stabilləşmənin nəticəsi olaraq açılması planlaşdırılan Zəngəzur dəhlizinin üzərindən həyata keçirilir.
Politoloq Taleh Əliyev Yurd.Media-ya açıqlamasında bildirib ki, Azərbaycanın hava məkanı beynəlxalq aviasiyada strateji marşruta çevrilir:
"Son vaxtlar Azərbaycanın hava məkanında uçuşların intensivliyinin artması iki əsas səbəblə izah olunur. Birinci səbəb Yaxın Şərqdə və İranda baş verən hərbi-siyasi gərginlikdir. İkinci səbəb isə Cənubi Qafqazın əsas və daha təhlükəsiz ölkəsi kimi beynəlxalq marşrutların Azərbaycan üzərindən keçməsinin daha etibarlı hesab edilməsidir".
Politoloq Taleh ƏliyevPolitoloq qeyd edib ki, Zəngəzur dəhlizi Azərbaycanın quru ərazisi vasitəsilə Qərblə Şərqi birləşdirən Orta dəhlizin mühüm strateji həlqələrindən biridir. Bu baxımdan ölkənin hava məkanı da beynəlxalq uçuşlar üçün təhlükəsiz və etibarlı marşrut kimi ön plana çıxır.
T.Əliyev həmçinin qeyd edib ki, uzaq məsafəli uçuşlar zamanı təyyarələrin Azərbaycanda yanacaq doldurması, texniki xidmət alması, ekipaj üzvlərinin və sərnişinlərin Bakıda qısamüddətli dayanma imkanlarından yararlanması da bu marşruta marağı artırır:
"Nəticədə Azərbaycanın hava məkanı təhlükəsizlik və xidmət keyfiyyəti baxımından getdikcə daha çox istifadə olunan beynəlxalq marşrutlardan birinə çevrilir".