Bakı Konqres Mərkəzi yük maşınları satan şirkətdən 36 ədəd minik maşını almaq üçün sifariş verib. Yurd.Media "Qaynarinfo"ya istinadən xəbər verir ki, Bakı Konqres Mərkəzi "Ramma" Qapalı Səhmdar Cəmiyyəti (QSC) ilə xidməti minik avtomobillərinin satın alınması ilə bağlı satınalma müqaviləsi imzalayıb. Müqavilənin maliyyə dəyəri 2 639 070 manatdır. Mərkəz bu məbləğə D seqmenti (orta sinif) üzrə 21, E seqmenti (üst orta sinif) üzrə isə 15 ədəd sedan tipli xidməti minik avtomobili almağı planlaşdırır. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "Ramma” QSC 2010-cu ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 2000 manatdır. Şirkətin qanuni təmsilçisi Tahir Məmmədovdur. "Ramma” QSC-nin internet səhifəsində şirkətin ağır texnika satışı ilə məbğul olduğu bildirilir. Şirkət Develon, Shacman, Shantui, Lovol və Solis kimi brendlərin Azərbaycandakı rəsmi distribütorudur. Tahir Məmmədov haqqında isə heç bir məlumat yoxdur.