“Azercell” abunəçiləri arasında tarif təkliflərinin şərtlərinin ilkin mərhələdə tam açıqlanmaması ilə bağlı narazılıqlar yaranıb. Bildirilir ki, nömrə daşınması zamanı və sonradan SMS vasitəsilə göndərilən “daha sərfəli” tarif təkliflərində növbəti aylarda tarif haqqının 60 manat olacağı əvvəlcədən qeyd edilmir. Abunəçi təklifi qəbul etdikdən sonra isə aktivləşmə mesajında bu məbləğ barədə məlumat verilir.
İddialara görə, nəticədə əvvəlki daha sərfəli tarif avtomatik ləğv olunur və istifadəçi ya 60 manatlıq tarifə keçməyə, ya da daha əlverişsiz paketlərdən birini seçməyə məcbur qalır.
Məsələ ilə bağlı "Azercell Telekom" MMC-dən Yurd.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, kampaniya ilə əlaqədar göndərilən ilkin məlumatlandırıcı SMS bildirişində təklifin şərtləri və qüvvədə olma müddəti qeyd olunur:
"Müvafiq kampaniyada iştirak ilə əlaqədar sorğu daxil olduqdan sonra tarifin standart şərtləri, o cümlədən növbəti dövr üçün tətbiq olunan qiymət barədə əlavə məlumat SMS vasitəsilə təqdim edilir. Abunəçilər təqdim olunan təkliflərdən istifadə edərək hər hansı kampaniyaya qoşulduqdan sonra növbəti dövr üzrə seçimlərini sərbəst şəkildə dəyərləndirə, istifadə vərdişləri və tələbatlarına uyğun olaraq istənilən vaxt kampaniyadan imtina edib, alternativ tariflərə keçə bilərlər. Bildiririk ki, “Azercell Telekom” MMC təqdim etdiyi tarif paketləri və xidmətlər, cari kampaniyalar və aksiyalar haqqında bütün məlumatları abunəçilərinə şəffaf şəkildə çatdırır".
"Azercell"-dən bildiriloib ki, abunəçilərə müvafiq xidmətlərin istifadə qaydaları və tarif şərtləri ilə əvvəlcədən tanış olaraq istifadə vərdişlərinə uyğun tarif/xidmətləri seçmək tövsiyə olunur.