SÜJET
Azərbaycan oğullarının qəhrəmanlığı onların bəslədiyi itlərin də qorxmaz və sədaqətli xaraketrdə böyüməsinə şərait yaradır. Bakı şəhərində yerləşən, Kinoloji Mərkəz artıq 30 ilə yaxındır fəaliyyət göstərir. Regional statusa malik olan bu mərkəzdə Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin Kinoloji Taborunun xidməti itləri yetişdirilir, saxlanılır və təlimə cəlb olunur.
Yurd.Media bu dəfə FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin Kinoloji Taboruna məxsus xidməti itlərin təlimi, həyat tərzi və qəhrəmanlıq hekayələri ilə bağlı fotoreportaj hazırlayıb.
Beş ixtisaslaşdırılmış istiqamət üzrə təlim
Tabor komandiri, polkovnik-leytenant Elnur Qarayevin sözlərinə görə, FHN-nin xidməti itləri beş əsas istiqamət üzrə hazırlanır: insan axtarışı, cəsəd axtarışı, partlayıcı maddə axtarışı, mina axtarışı və mühafizə:
“İtlər 6 ayına qədər heç bir xüsusi təlim keçmir, bu dövrdə sadəcə sosial adaptasiya olunur. 6 aydan sonra 3–5 aylıq ilkin təlim mərhələsinə başlanılır. Bu zaman kinoloq itin xarakterini dərindən öyrənir və ona uyğun istiqamət seçilir”, – tabor komandiri bildirib.
“İtlər uşaq kimidir”
E.Qarayev vurğulayır ki, hər istiqamətin özünəməxsus xüsusiyyəti var.:
“İtlər uşaq kimidir. Bəziləri tez öyrənir, digərləri daha gec. Onların xarakterləri də fərqlidir – bəziləri aktiv və oynaq, digərləri isə sakit və səbirli olur. Məsələn, insan və cəsəd axtarışında insanlarla rahat ünsiyyət quran aktiv itlər seçilir. Daha aqressiv cinslər mühafizə üçün uyğundur. Mina və partlayıcı maddə axtarışında isə sakit və diqqətli itlərə üstünlük veririk.
İnsan və cəsəd axtaran itlər hədəf obyekti tapdıqda aktiv siqnal verirlər. Aktiv siqnal dedikdə hürmək və ya yerində tullanıb-düşmək nəzərdə tutulur. Lakin mina və partlayıcı maddə axtarışında vəziyyət dəyişir. Belə halda itlər səssiz şəkildə həmin ərazidən bir metr aralıda oturur və ya uzanır. Hətta itin səsi belə təhlükəli ola bilər. Onların quyruğu siqnal verir. Biz hər bir itin jestini anlayırıq. Bəzən bizə baxıb sanki soruşur “bəlkə burdadır”, – E. Qarayev deyir.
“Biz itləri yeməklə mükafatlandırmırıq”
E. Qarayev deyir ki, təlim zamanı itlərə mükafat verilməsi də müəyyən qaydalara tabedir:
“Biz itləri yeməklə mükafatlandırmırıq, çünki bu, onların yeməyə bağlılığını artırır. Axtarış zamanı it nəyisə yeyə və ya yalaya bilməz – bu qadağandır. FHN-nin xüsusi təlim görmüş itləri 2023-cü ildə Türkiyədə baş vermiş dəhşətli zəlzələdə axtarış-xilasetmə əməliyyatlarında da iştirak ediblər. Oradakı itlərdən birinə “Kahraman” adı verilmişdi. Biz itlərə xarici adlar qoyuruq, bu etik normalara uyğundur. Lakin təlimlərin hamısı artıq Azərbaycan dilində keçirilir”.
İşğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi zamanı da FHN-nin ANAMA tərəfindən akkreditasiyadan keçmiş itləri fəal şəkildə iştirak edirlər.
“Pis it olmur, pis kinoloq olur”
Mərkəzin əməkdaşı, kapitan Aslan Orucov isə bildirib ki, itlərə xüsusi qida rasionu tətbiq olunur:
“İtlər gündə iki dəfə gəzdirilir. Qidalanma isə onların cinsinə və çəkisinə uyğun tənzimlənir. Hər cinsin özünəməxsus zəkası var. Pis it olmur, sadəcə itlə işləməyi bacarmayan kinoloq ola bilər. İnsan axtarışında əsasən Belçika ovçarkasından istifadə edirik. Onlar həm aktiv, həm də fiziki baxımdan çox irihəcmli deyillər. Təlim üçün müxtəlif cinslər sınaqdan keçirilir”.
Tibb xidməti kapitanı İlkin Qəmbərli isə hər səhər itlərə tibbi baxış keçirdiyini vurğulayıb:
“Əgər hansısa itin əhvalı pisdirsə, daha diqqətli müayinə aparırıq. Ciddi problem nadir halda yaranır, amma bəzən itlər də xəstələnir, hətta xərçəng belə aşkarlanır. İtlər 5–8 il xidmət edə bilir. İtin fəaliyyəti, əsasən, hissiyyat orqanları zəifləyəndə başa çatır, çünki görmə, iybilmə və eşitmə onların əsas alətləridir”, – o bildirib.
Yeni nəsil üçün cütləşmə
E. Qarayev vurğulayıb ki, kinoloji mərkəzdə hazırda üç bala it var:
“Heç bir it sterilizasiya olunmur. Ehtiyac yaranarsa, planlı şəkildə cütləşdirilirlər. Əgər görsək ki, hansısa istiqamətdə fəaliyyət göstərən it artıq xidməti bitirmək üzrədir, onun yerini doldurmaq üçün cütləşdirmə aparırıq. Xidməti bitirən it isə sənədləşmə əsasında təlimçisinin – kinoloqun şəxsi istifadəsinə verilir”.
E. Qarayev qeyd edib ki, hazırda ölkənin heç bir universitetində kinoloq ixtisası üzrə təhsil verilmir:
“Kinoloq olmaq üçün gərək itləri sevəsən, onların ruhunu anlayasan. Universitet təhsili alan kinoloqlar bu sahə üzrə xaricdə xüsusi kurslar keçərək diplom alır və fəaliyyətə başlayırlar. İtlər bizim üçün uşaq kimidir. Onların təlimi yalnız oyun formatında aparılmalıdır. Çünki it xidmət etdiyini anlamır – o sadəcə oynayır”.
Foto: Sadıq Əliverdibəyli