SÜJET
“Bu yerlərdə qatarlar şərqdən qərbə, qərbdən də şərqə gedir....”
(Çingiz Aytmatov, “Əsrə bərabər gün” romanından)
Tarixlərarası dəmir yolu xətləri...
Azərbaycanın dəmir yolları... Böyük və zəngin tarixə malik, təkcə bu yerdən o yerə gedən yox, həm də bir tarixdən o biri tarixə doğru tələsən, hadisələri, nələri, daha nələri bir-birinə bağlayan sehrli bağlar, sehrli relslər...
Amma bu sehrli dəmir relslər heç zaman bir tarixdən o biri tarixə, bu yerdən başqa yerə əliboş getməyiblər; ilk xəttin istifadəyə verildiyi 1880-ci ildən bu günə qədər dəmir yolları ölkənin iqtisadiyyatında, mədəniyyətində, əhalinin gündəlik həyatında önəmli rol oynayıb və bu indi də davam etməkdədir.
Azərbaycanda ilk dəmir yollarının çəkilişinə XIX əsrin 70-ci illərindən başlanılıb. 1878-ci ildə Bakı şəhərini neft mədənləri və neft korpusu ilə birləşdirən 25,2 verst uzunluğundakı dəmir yolu xəttinin inşasına icazə verildi. “Neft sahəsi” adını alan bu xətlərin tikintisi 1879-cu ilin sonunda başa çatdırıldı.
Məhz həmin dövrdən sonra sehrli relslər bu torpaqlarda, bu tarixlər üzərindən çox keçdi, özü də irəlilədi, getdiyi zamanlara, məkanlara bu irəliləyişin sirlərini də apardı...
Biz də elə sizinlə xəyalən bu relslər üzərindən bu tarixdən digərinə səyahət edək:
-1879-cu ilin 22 dekabr... Cənubi Qafqaz dəmir yolu hissəsinin Bakı-Tiflis dəmiryol magistralının çəkilişinə icazə verilir. 515 verst uzunluğundakı bu yolun 1883-cü il 8 mayda rəsmi açılışı olur və həmin gün Tiflisdən çıxan ilk sərnişin qatarı 9 mayda Bakıya çatır...
-1883-cü ilin mayı... Bakı–Yelizavetpol (Gəncə)-Tiflis magistral dəmir yolu xətti işə salınır. Azərbaycanın ilk yük stansiyası olan Bakı yük stansiyasından Tiflis istiqamətində dəmir yolu ilə ilk neft 1883-cü ilin mayın 8-də göndərilir. Tiflis şəhəri dəmir yolu vasitəsilə Poti şəhəri ilə bağlı olduğundan neft Qara dəniz sahillərinə qısa müddətdə çatdırılır. Lakin Poti limanı quruluşuna görə böyük həcmdə neftin aparılması üçün yararlı olmur. O səbəbdən də daha əlverişli olan Batumi limanı qısa müddətdə iri həcmdə neft daşınması üçün lazımi avadanlıqla təchiz edilir və Tiflisdən Batumiyə dəmir yolu çəkilir. Bakı–Yelizavetpol–Tiflis magistral dəmir yolunun davamı Tiflis–Qori–Kutaisi–Poti–Batumi yolu olduğundan dəmir yolu vasitəsilə Xəzər dənizi ilə Qara dəniz sahilləri birləşdirilir...
1926-cı il iyulun 6-sı... Azərbaycanda ilk elektrikləşdirilmiş dəmir yolu işə başlayır... Bu, təkcə Azərbaycanda deyil, SSRİ-də ilk elektrikləşdirilmiş dəmir yolu olur. Əhalinin tələbatı o qədər yüksək idi ki, təkcə 1926–1931-ci illərdə Bakı–Sabunçu–Suraxanı xətti ilə 10 milyon sərnişin daşınır...
Dəmir relslər üzərindən tarixlərarası səyahətimiz isə davam edir. Bəli, qatarlar bu yerlərdən təkcə şərqdən qərbə, qərbdən də şərqə getmir. Qatarlar bu yerlərdə bir tarixi ovqatdan digərinə, bir mərhələdən o birinə adlayır: 1955-ci il.... Azərbaycan dəmir yolu SSRİ Yollar Nazirliyinin tərkibində müstəqil dəmir yolu statusu alır. Azərbaycan polad magistralı öz fəaliyyəti dövründə bir neçə dəfə Zaqafqaziya Dəmir Yolunun tərkibinə daxil edilir, sonradan isə müstəqil dəmir yolu kimi fəaliyyət göstərir. O cümlədən, Azərbaycan SSR Nazirlər Sovetinin 13 oktyabr 1955-ci il tarixli qərarı ilə Azərbaycan dəmir yolu SSRİ Yollar Nazirliyinin tərkibində müstəqil dəmir yolu kimi fəaliyyətini davam etdirir.
1979-cu il... Ağdam–Xankəndi dəmir yolu inşa olunur. Bu layihə Ümummilli lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilir. Qarabağın inkişafına hər zaman böyük diqqət yetirən Heydər Əliyev Qarabağ bölgələrinə dəmir yolu xətlərinin çəkilməsinə xüsusi əhəmiyyət verirdi. Bakı–Yevlax–Xankəndi dəmir yolunun açılması nəticəsində Qarabağın sosial-iqtisadi və mədəni inkişafı daha da sürətləndi, Qarabağın Bakı ilə əlaqələri daha da möhkəmlənir...
İndidən gələcəyə, yaxud, “BUGÜN – SABAH” reysləri
Prezident İlham Əliyev: "Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri bizim ərazimizdən keçir. Bu nəqliyyat yollarının Azərbaycan ərazisində olan bütün seqmentləri uğurla fəaliyyət göstərir. Hazırkı məqamda ərazimizdən yük axınının kəskin artmasını nəzərə alaraq, biz bu dəhlizlərin ötürücülük imkanlarının artırılmasına əlavə vəsaitlər yatırırıq”.
Həmin relslər bizi müstəqillik illərinə doğru gətirdikdə çox qısa zaman çərçivəsində həqiqətən də nə qədər böyük işlərin görüldüyünün şahidi oluruq.
1991-ci ildə Azərbaycan Respublikası yenidən müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Dövlət Dəmir Yolları yaradıldı.
Prezident İlham Əliyev 7 oktyabr 2005-ci il tarixində “Dəmir yolu işçilərinin peşə bayramının təsis edilməsi haqqında" sərəncam imzaladı. Bu sərəncama əsasən Azərbaycan dəmir yolu işçilərinin peşə bayramı hər ilin məhz oktyabrın 13-ü qeyd edildi.
20 iyul 2009-cu il tarixində Azərbaycan Prezidentinin sərəncamı ilə Azərbaycan Dövlət Dəmir Yolunun yenidən təşkili yolu ilə Nəqliyyat Nazirliyinin tabeliyində səhmləri dövlətə məxsus “Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti yaradıldı.
Məhz həmin tarixdən etibarən dəmir yolları bugündən yola çıxaraq, sabaha doğru inamla hərəkət intervalını artırdı və bu gün də artırmaqdadır:
2015-ci ilin sentyabrında yenidən qurulan Bakı-Sumqayıt dəmir yolu xətti ilə Azərbaycanda ilk “Stadler” qatarı yola düşür. "Azərbaycan Dəmir Yolları" QSC İsveçrənin “Stadler Rail Group” şirkətinin istehsalı olan və ən yüksək standartlara cavab verən bu qatarların parkını genişləndirməkdədir...
2017-ci ildə Bakı-Tbilisi-Qars dəmir yolu xətti istifadəyə verilir. Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı yol olan Bakı–Tbilisi–Qars xəttinin fəaliyyəti Şərq–Qərb nəqliyyat dəhlizində Azərbaycanın logistik imkanlarının artırılmasına gətirib çıxarıb. Doğrudan da, bu reyslər həm də SABAHa doğru hərəkət edən sehrli dəmirlərdir...
2018-ci ildə Ləki stansiyası–Qəbələ birxətli dəmir yolunun tikinti işlərinə başlanılır və 2021-ci ilin may ayında xəttin rəsmi açılışı olur. Dəmir yolu xətti ox üzrə 42,3 kilometr, yan yollarla birlikdə isə 44,5 kilometrdir.
2016-cı ildə Bakıxanov stansiyası, 2019-cu ildə Bakı-Sabunçu və Sabunçu-Pirşağı xətləri istifadəyə verilir.
Dəmir reyslərin isə “BUGÜN-SABAH” marşrut xətti üzrə hərəkəti bitmir; 2020-ci il martın 18-də Pirşağı–Görədil–Novxanı–Sumqayıt hissəsinin açılışı ilə Abşeron dairəvi xətti tam istismara verilir...
2024-cü ilin oktyabrında qatarlarda pulsuz internetə çıxış yaranır. Bakı-Ağstafa-Bakı marşrutu ilə hərəkət edən qatarlarda ADY Free şəbəkəsinin sınaqlar keçirilir...
....Bu yerlərdə qatarlar şərqdən qərbə, qərbdən şərqə, tarixdən tarixə və ən əsası Bugündən Sabaha doğru gedirlər....
Ölkəmizin əlverişli coğrafi mövqeyi, Şərqdən Qərbə və Şimaldan Cənuba gedən ticarət yollarının kəsişməsində yerləşməsi bu hədəfə çatmaq baxımından müsbət amil olsa da, kifayət etmir. Bunun üçün bir tərəfdən beynəlxalq tranzit yük axınlarını təmin etmək məqsədilə ölkə daxilində nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi və modernləşdirilməsi, digər tərəfdən isə beynəlxalq dəhlizlərin keçdiyi ölkələrlə aktiv iş apararaq dəhlizlərin funksionallığının artırılması tələb olunur. Azərbaycan ərazisindən keçən tranzit daşımaların multimodal strukturu, yəni dəmir yolu, avtomobil, dəniz və hava yolları nəqliyyatı vasitəsilə həyata keçirilməsi beynəlxalq müstəvidə çoxtərəfli əməkdaşlıq və koordinasiyanı zəruri edir.
Qeyd edilən istiqamətdə Azərbaycan tərəfindən həyata keçirilən uzunmüddətli strateji addımlar artıq öz bəhrəsini verməkdədir. Azərbaycan üzərindən tranzit daşımaların əsas “onurğa sütunu”nu dəmir yolları təşkil edir ki, 2022-ci ildən etibarən tranzit daşımaların həcmi əhəmiyyətli dərəcədə artıb. 2024-cü ilin 12 ayında ADY tərəfindən tranzit, idxal, ixrac və daxili rejimlərdə 18,5 milyon tondan çox yük daşınıb. 2023-cü illə müqayisədə 2024-cü ilin analoji dövründə daşınmış tranzit yüklərin həcmi 5,7% artaraq 7,3 milyon ton, idxal yükləri isə 10% artaraq 5,2 milyon ton olub. Əsas tranzit istiqaməti olan Şərq-Qərb marşrutu üzrə il ərzində 3,2 milyon tondan çox yük daşınıb. Tranzit rejimdə daşınmış yüklər arasında neft və neft məhsulları 2,8 milyon tonu keçib və 2023-cü ilin göstəricilərini 11% üstələyib. Əsas yüklərdən olan metal filizləri və metal sənayesi məhsullarında 8%, ağac, sellüloz, kağız məhsullarında isə 26% artım qeydə alınıb. Neft və neft məhsulları idxal rejimdə də ən böyük paya sahib olaraq 2023-cü illə müqayisədə 89%, kimya sənayesi məhsulları 12%, daş kömür və digər yanacaq məhsulları 52% artım göstərib.
ADY Azərbaycan üzərindən keçən beynəlxalq dəhlizlərin inkişafında aparıcı rol oynayır.
15 iyun tarixində beş illik fasilədən sonra Bakı-Qazax marşrutu üzrə sərnişin qatarlarının hərəkəti yenidən fəaliyyətə başladı. Əvvəllər Bakıdan Qazaxa qatarla səyahət 8 saat 25 dəqiqə çəkirdisə, indi bu məsafə cəmi 5 saat 36 dəqiqəyə qət olunacaq. Belə ki, yeni hərəkət cədvəlinə əsasən, Bakıdan Qazaxa qatarlar hər gün saat 08:00 və 18:00-da yola düşərək, müvafiq olaraq saat 13:36 və 23:36-da mənzil başına çatır. Qazaxdan Bakıya isə qatarlar saat 08:00 və 16:20-də çıxaraq, saat 13:29 və 21:49-da Bakı Dəmiryol Vağzalına çatır.
Beləliklə, Azərbaycan dəmir relslər üzərində sürətlə irəliləyir... Özü də Bugün-Sabah marşrut xətti üzərindən...
O torpaqlar üçün xüsusi reyslər
ADY-nin qatarları dəmir relslər üzərindən irəliləyir. O relslərin keçmiş yaddaşı bizdən xəbərsiz elə bizləri də gələcəyə doğru aparır. İldən ilə artan sürətində, yüksələn hərəkətində bunun daha çox şahidi oluruq. O relslərin dəmir yaddaşında milyonlarla insanın siması var və o relslər insanları, onların üzlərini, hisslərini də ayırd edə bilir... Və onu da bilir ki, bugünkü insanları uğurlu gələcəyə doğru aparmaq daha rahatdır. Deputat Naqif Həmzəyev də ADY-nin fəaliyyətini yüksək dəyərləndirir:
“Biz son illərdə Azərbaycan Dəmir Yolları”nın sürətli inkişafına şahidlik edirik. Prezident İlham Əliyevin birbaşa göstərişi ilə ADY yenidən qurulur və hazırda müasir dövrün tələblərinə cavab verən infrastruktur mövcuddur. Bakı-Gəncə istiqamətində hərəkət edən reyslərin Qazaxa qədər uzadılması və hər iki istiqamətə gündə iki dəfə səfər edilməsi sərnişinləri çox məmnun edir. Mən və ailə üzvlərim Gəncə istiqamətində hərəkət edən qatarlardan mütəmadi istifadə edirik.
Qatar sayının isə artırılması yaxşı olardı. Çünki səfərə 2-3 gün qaldıqda bilet tapmaq olmur, çünki öncədən digər sərnişinlər tərəfindən alınmış olur.
Ən vacib məqamlardan biri bayram günlərində ADY-nin rayonlara sürətli qrafiklə işləməsi, qatar sayını artırır. Bunu alqışlayıram.
Həmçinin biz Ağdam istiqamətində ADY sürətli qatarlarının tezliklə işə başlacağına şahidlik edəcəyik. İnanırıq ki, prezident İlham Əliyevin açılışını etdiyi bu reys tezliklə işə başlayacaq və biz rahatlıqla Ağdamdan Xankəndiyə gedə biləcəyik. Həmçinin Zəngəzur dəhlizinin istifadəyə verilməsi ilə biz Naxçıvana da səfər edə biləcəyik. Bu, azərbaycanlıların və Azərbaycanın dostlarının ən böyük arzularındandır.
Yekun olaraq deyə bilərəm ki, ADY-nin son dövrlərdə inkişafı bizi məmnun edir və inanıram ki, bu proses sürətlə davam edəcək”.
....Bu yerlərdə ADY-nin qatarları şərqdən qərbə, qərbdən də şərqə, tarixdən-tarixə və ən əsası Bugündən Sabaha doğru gedir... Gedir və Azərbaycan da bu dəmir relslər üzərində sürətlə irəliləyir...
Bu yazı "Azərbaycan Dəmir Yolları" QSC və Mətbuat Şurasının "Azərbaycan Dəmir Yolları - 145 illik inkişaf yolu" mövzusundakı birgə müsabiqəsinə təqdim olunur.
Firayə Nurizadə