Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyində ölkə üzrə kənd təsərrüfatı heyvanlarının identikləşdirilməsi əsasən yerinə yetirilməyib ki, bu da baytarlıq sahəsi üzrə bir sıra xüsusi təhlükəli xəstəliklərin profilaktik peyvəndləmə işlərinin planlaşdırılmasında və icrasında mütərəqqi təcrübələrə və risk əsaslı yanaşmalara deyil ümumi naxırda tam sürü prinsipinə üstünlük verilməsini şərtləndirib.
Yurd.Media xəbər verir ki, bu barədə Hesablama Palatasının qurumda dövlət vəsaitlərindən və digər dövlət əmlakından istifadə olunmasına dair uyğunluq auditinin nəticələrinə dair məlumatda qeyd olunub.
"İdentikləşdirilmənin lazımi səviyyədə həyata keçirilməməsi və elektron informasiya sisteminin formalaşdırılmaması şəraitində, həmçinin heyvanların hərəkətinin izlənilməsi, profilaktik peyvəndləmə işlərinin ünvanlılığının (həqiqiliyinin) müəyyənləşdirilməsi mümkünsüz olub. Eyni zamanda, iribuynuzlu və xırdabuynuzlu heyvanların baş saylarının hesabatlılıq göstəriciləri Dövlət Statistika Komitəsinin göstəricilərindən əhəmiyyətli (11-16 % intervalında) fərqlənməklə ölkə üzrə uçotun etibarlı olmaması müəyyən edilib", - hesabatda bildirilir.
Həmçinin qeyd olunur ki, heyvanların identikləşdirilməsi prosesi ilə bağlı strateji hədəflər, illik əməliyyat planları və daxili nəzarəti təmin edən monitorinq reqlamentləri mövcud olmayıb:
"Mütərəqqi beynəlxalq və regional təcrübə nəzərə alınmaqla qanunvericilik təşəbbüsləri irəli sürülməyib. Qeyd olunan və digər hallar uzun illər davam edən sahəvi inzibatçılıq modelinin dövlət sektoru kontekstində düzgünlük aspektlərinə cavab vermədiyini göstərib, "Qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı"nın tədbirlər planı ilə nəzərdə tutulan müvafiq hədəflərə 2025-ci ilin sonunadək nail olunmayacağını demək üçün əsaslar yaranıb".
Agentliyin fəaliyyəti üzrə Strateji İnkişaf Planı, illik Əməliyyat Planları və monitorinq sistemi tətbiq edilmədiyini aşkarlayan Hesablama Palatası qeyd edir ki, eyni zamanda, Kənd Təsərrüfatı Nazirliyi sistemi üzrə fəaliyyət planları və icra məlumatlarında bitkiçilik və heyvandarlıq sahələrində respublikanın regionları üzrə hansı xəstəliklərə qarşı mübarizə aparıldığı, nəticələrinin necə olduğu, xəstəliklərlə bağlı monitorinqlər və nəticələri, aşkar olunmuş xəstəliklər, həmçinin kənd təsərrüfatı yönümlü texnikalar üzrə dövlət texniki nəzarət sahəsində monitorinq göstəriciləri, digər bu kimi mühüm indikatorlar öz əksini tapmayıb.