Ağcabədinin kəndində 7 aydır artezianın elektrik bağlantısını kəsiblər. Minəxorlu kəndində 14 ailəyə məxsus 34 hektarlıq əkin sahəsi bir müddətdir suvarılmır. 2020-ci ilin may ayının 25-dən istifadəyə verilən artezian quyusu 4 il ərzində mütəmadi olaraq işləyib. Bu müddət ərzində onların heç bir borcu olmayıb. 2024-cü ilin oktyabrın 21-dən isə xəbərdarlıq edilmədən elektrik bağlantısı kəsilib və sayğac da sökülərək başqa yerə köçürülüb.
Yurd.media xəbər verir ki, "İTV"yə şikayət edən sakinlər məhsulları suvarılmadığına görə xarab olduğunu bildirir.
Sakinlər bildirir ki, heyvanlarını sataraq buğda, arpa əkiblər, o da məhv olur. Müraciət etdiklərini desələr də, bu çağırışların cavabsız qaldığını söyləyirlər.
Ağcabədi su Meliorasiya sistemlərinin istismarı idarəsinin şöbə rəisi Ağaşirin Məmmədov bildirir ki, heç bir əsas olmadan Ağcabədi elektrik şəbəkəsi sayğacı yararsız quyunun üzərinə yerləşdirib:
"Biz rəsmi olaraq, bu barədə Ağcabədi elektrik şəbəkəsinə müraciət etmişik. Buna baxmayaraq sayğac yenidən quraşdırılmayıb".
Azərişıq ASC-dən isə bildirildi ki, qaydalara əsasən hər bir artezian quyusunun ayrıca texniki şərti və sayğacı olmalıdır. Sözügedən ünvanda olan artezian quyusu işlək deyil və onun yenidən bərpası üçün sakinlər müraciət edib. Bununla belə, həmin quyunun sayğacı meliorasiya tərəfindən 800 metr kənarda yeni qazılan başqa bir quyuya qurlaşdırılıb. Bu isə qanunlara ziddir.:
"Dəfələrlə bildirilib ki, 800 metr uzaqlıqda yeni qazılan quyu üçün asan kommunala müraciət edilsin. Yalnız bundan sonra yeni artezian quyusu sayğacla təmin oluna bilər".