İyulun sonu və avqustun əvvəlləri adətən Abşeronda son dərəcə isti keçir. Xalq arasında avqusta “qora bişən ay” deyirlər. Yəni yarımadanın məşhur üzüm və ənciri dəyməlidir. Bu arada üzümün elə bir halı olur ki, bir qədər sulansa da, hələ kal olur, yəni turş dadı var. Haradasa bir həftə davam edən bu zaman kəsiyində Bakı kəndlərində abqora hazırlamaq ənənəsi var. Yəni tam yetişməmiş üzümdən hazırlanan bu təbii məhsul həm sərinləşdirici, həm də müalicəvi xüsusiyyətləri ilə seçilir.
Abqora arterial təzyiqi aşağı salır, qanda şəkəri normada saxlayır, damarların kirəcləşməsinin qarşısını alır. Ürək-damar sistemi ilə bağlı problemi olan insanlar üçün xüsusilə faydalıdır. İsti yay günlərində su ilə qarışdırılaraq içildikdə bədəni sərinlədir. Həmçinin yağlı yeməklərə əlavə edilərək mədədə ağırlığın qarşısını alır və həzmi asanlaşdırır.
Hazırlanması qədim ənənəyə əsaslanır
Yurd.Media abqoranın hazırlanması qaydasını araşdırıb. Bu məhsul əsasən Bakının üzümü bol olan kəndlərində hazırlanır. Prosesi detallı təsvir edək:
Kal üzüm yığılır, dənələnir və yaxşıca yuyulur. Daha sonra üzüm əzilərək şirəsi çıxarılır. Üzümü əzmək üçün qənbər daşdan istifadə etmək olar. 1 vedrə üzümdən təxminən 1 litr abqora alınır.
Alınan maye balonlara tökülür və günəş altında bir neçə gün saxlanılır. Bu müddətdə abqora durulur, çöküntü aşağıya enir. Bütün proseslər bitdikdən sonra abqora duru hissəsi süzülərək şüşə butulkalara doldurulur və möhkəm bağlanır.
Əvvəllər abqora hazırlamaq üçün isti quma basdırmaq üsulundan da istifadə olunurdu. Bəzi insanlar ona duz da əlavə edirlər, lakin düzgün və təmiz şəkildə hazırlanmış abqora duzsuz da uzun müddət qala bilir.
Abqoranın dadı çox kəskin deyil və mədəyə aqressiv təsir etmir. Limon şirəsinə bənzər turş dadı ilə fərqlənir. Rəngi isə açıq sarıdan qırmızıya qədər dəyişə bilər. Gündə saxlama müddətindən asılı olaraq rəngi tündləşə bilər. Adətən abqora açıq sarı rəngdə olur. İstifadə edildiyi müddətdə soyuducuda saxlanılmalıdır.
Hazırda marketlərdən yoxa çıxıb
Azərbaycanda abqora zavod şəraitində yalnız Ağsuda yerləşən "Azgranata" zavodunda istehsal edilib. Bir müddət hətta Bakının iri satış şəbəkələrində satılıb. Zavod abqorası qırmızı rəngə çalırdı. Hazırda marketlərdən yoxa çıxıb, hətta rəsmi saytda belə bu məhsulun adı çəkilmir.
Abqora hazırda yalnız ev şəraitində, fərdi təsərrüfatlarda hazırlanır. Nədənsə Abşerondan kənarda, ölkənin digər bölgələrində elə də populyarlıq qazanmayıb. Bu məhsulun, sözsüz, böyük miqyasda istehsalına, uğurlu marketinqinə, yayılmasına ehtiyacı var.