Üzeyir Hacıbəylinin ev-muzeyinin fəaliyyətə başlamasının 50 illik yubileyi münasibətilə tədbir keçirilib.
Yurd.Media xəbər verir ki, tədbirdə Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə, tarix elmləri doktoru, Əməkdar elm xadimi, professor Solmaz Rüstəmova-Tohidi, Əməkdar incəsənət xadimi, professor Zümrüd Dadaşzadə, eləcə də dövlət rəsmiləri, mədəniyyət və incəsənət xadimləri, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Mərasimdə Üzeyir bəyin zəngin irsi, Azərbaycan musiqisinin inkişafındakı mühüm rolu barədə maraqlı faktlar səsləndirilib, onun yaradıcılığını yaşadan ev-muzeyin fəaliyyəti haqqında məlumat verilib.
Bildirilib ki, muzey dahi bəstəkarın 1915–1942-ci illərdə yaşayıb-yaratdığı Yasamal rayonu, Şamil Əzizbəyov küçəsi 67/69 ünvanındakı mənzildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılıb. Üzeyir Hacıbəylinin bir çox şah əsərləri – ölkəmizin Dövlət Himni, “Sənsiz”, “Sevgili Canan” romansları və “Koroğlu” operası məhz bu evdə bəstələnib. Bu səbəbdən ev-muzey milli musiqi tariximizin canlı yaddaşı hesab olunur.
Qeyd edək ki, muzeyin əsası 1975-ci ildə qoyulub və açılışı 20 noyabr 1975-ci ildə baş tutub. İlk ziyarətçisi isə ümummilli lider Heydər Əliyev olub.
Tədbirin bədii hissəsində Şövkət Ələkbərova adına 20 nömrəli 11 illik musiqi məktəbinin şagirdləri konsert proqramı təqdim ediblər. Daha sonra qonaqlar muzeyin ekspozisiya zalları ilə tanış olublar.
Muzeyin 50 illik yubileyinə həsr olunmuş sərgi artıq fəaliyyətə başlayıb. Ziyarətçilər ilin sonunadək muzeyi gəzdikləri zaman sərgi ilə də tanış ola bilərlər.
Foto: Sadıq Əliverdibəyli