Azərbaycan mədəniyyət tarixində yeni bir səhifə açılıb. 2025-ci ilin dekabrında fəaliyyətə başlayan və ölkənin ilk “Balacalar Teatrı” adlandırılan bu kollektiv səs-küylü bir uğur hekayəsinə çevrilib. Teatrın yaradıcısı, tanınmış aktyor və böyük istedad sahibi Natiq Fərzəliyevdir.
Natiq Fərzəliyev Yurd.Media-ya özünün uzun və çətin yolundan danışıb:
“Mən tanınmış aktyor olana qədər çox çətinliklərdən keçdim. Uşaqlıqda depressiya və komplekslər yaşadım. Həmin hisslər məni çox düşündürdü: necə olur ki, mənim kimi insanlar cəmiyyətdə kənarda qalır, əziyyət çəkir. Bir çəkilişdə Ülviyyə və Pərvini gördüm və o vaxt qərar verdim ki, gənc həmkarlarımla bir araya gələrək teatr yaradaq”, – deyə o vurğulayıb.

“Firuz Mustafa təklif etdi ki, adını "Nəhənglər Teatrı" qoyaq. Əvvəl biz qərar verdik ki, "Kərlik teatrı" adını qoyaq lakin müasir cəmiyyətdə bu söz həssaslıq yarada bilər. Ona görə də "Balacalar Teatrı" adını seçdik. Normal bir insan kimi yaşamaq asandır, amma öz fərqini qəbul edib onu istedad kimi cəmiyyətə təqdim etmək daha böyük fəxrdir”, – aktyor bildirib.
Teatrın yaradıcısı Natiq Fərzəliyev“Hər bir insanın öz yeri var. Biz aktyorlar üçün ən böyük fəxri ad tamaşaçının sevgisidir. Maddi cəhətdən də, aktyor bu işini maaşla davam etdirir. Amma mənim üçün ən dəyərli şey səhnədə ailəmin və tamaşaçılarımın yanında olmaqdır. Keçmişə nəzər salsaq görərik ki, Azərbaycan teatrı ağır və çətin yol keçib və o fədakar aktyorlarlar nələrdən keçib. O vaxtdan müqaisədə bu gün artist heç də pis yaşamır”, – o, səmimi danışıb.

“Aktyor rolu seçməməlidir, bu rejissorun işidir. Rejissor aktyordan bir zərgər kimi incə və möhtəşəm bir rol formalaşdırmalıdır”, – N. Fərzəliyev vurğulayıb.
Yurd.Media kollektivi olaraq, biz də bütün teatr xadimlərini, teatrsevərləri 10 mart – Milli Teatr Günü münasibətilə təbrik edir, Bakı Balacalar Teatrına ölkə daxilində və sərhədlərdən kənarda bol - bol uğur arzu edirik!
FOTO: Sadıq Əliverdibəyli, Şahin Sərkərov