Bakıda qədim oyuncaqlar, məişət əşyaları, uşaqlıq mövzusunu əks etdirən nadir fotoların sərgisi baş tutub.
Yurd.Media xəbər verir ki, Milli Azərbaycan Tarixi Muzeyində 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Tarixin uşaq izləri” adlı sərginin açılış mərasimi keçirilib.
Sərgidə muzeyin kolleksiyasına aid etnoqrafik geyimlər, arxeoloji tapıntılar, qədim oyuncaqlar, məişət əşyaları, uşaqlıq mövzusunu əks etdirən nadir fotolar və tarixi nəşrlər nümayiş olunur.
Ekspozisiyada tarixi eksponatlarla yanaşı, müasir uşaq dünyasını əks etdirən sənət nümunələri də təqdim edilib. Sərgidə Azərbaycan Fotoqrafları Birliyinin üzvlərinin, o cümlədən Yurd.Media əməkdaşının uşaqlara həsr etdiyi bədii fotolar da yer alıb.
Sərginin təşkilində məqsəd ziyarətçilərdə milli-mədəni dəyərlərə maraq yaratmaq, həmçinin keçmişdən bu günə uşaqlıq anlayışının və uşaq dünyasının keçdiyi tarixi yolu nümayiş etdirməkdir.
Açılış mərasimində çıxış edənlər layihənin uşaqların dünyasını, yaradıcılığını və mədəni irsini bir araya gətirdiyini, gənc nəslin maarifləndirilməsi və tarixə bağlılığının möhkəmləndirilməsi baxımından əhəmiyyət daşıdığını bildiriblər.