SÜJET

Ramazan 2026 Bank Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt
Teatr tənqidi niyə zəif və bayağı olub? – Vidadi Həsənovla pərdəarxası MÜSAHİBƏ

Teatr tənqidi niyə zəif və bayağı olub? – Vidadi Həsənovla pərdəarxası MÜSAHİBƏ

"İncəsənət zamanın aynasıdır" deyirlər. Bəs o ayna çatlayanda, tənqid susanda və həvəskarlıq peşəkarlığı kölgədə qoyanda nə baş verir? Bu gün teatrın "ölümü" barədə danışanların çoxu, əslində, onun nəfəsini heç vaxt hiss etməyənlərdir. İstedadın ölçüsü yoxdur, amma cəmiyyətin ona verdiyi qiymətin səviyyəsi günü-gündən dəyişir. 
Yurd.Media əməkdaşları bu dəfə 47 ildir ki, səhnənin həm sehrinə, həm də ağır yükünə bələd olan aktyor, müstəqil "M. Teatr"ın bədii rəhbəri, Xalq artisti Vidadi Həsənovla həmsöhbət olub.

- Müsahibələrinizdən birində müdrik və ağıllı insanın fərqindən danışmışdınız. Siz özünüzü necə insan hesab edirsiniz?

- İlk növbədə insan. Öz işi və peşəsi ilə məşğul olan bir insan. Həyatda elə situasiyalar olur ki, insan bəzən ağılsız, bəzən ağıllı, bəzən isə müdrik hərəkət edə bilər.

- Tənqidə necə yanaşırsınız?

- Tənqidi normal qarşılayıram. Mənim üçün bu, təbii bir prosesdir.

- Sovet dövründə güclü teatr tənqidçiləri və inkişaf etmiş tənqid məktəbi var idi. Bu gün Azərbaycanda peşəkar teatr tənqidçiləri varmı?

- Bu, teatr prosesinin ən ağrılı məsələlərindən biridir. Əlbəttə, bizdə savadlı və bilikli tənqidçilər var. Onlar teatrın və yeni tamaşaların təbliği, ümumiyyətlə teatr prosesinin inkişafı üçün çalışırlar. Amma təəssüf ki, bu peşə əvvəlki qədər aktual deyil. Bu gün teatrdan yazan çoxlu sayda qeyri-peşəkar insanlar da var. Onlar bəzən prosesi dərindən bilmədən yazırlar. Digər tərəfdən, teatrşünaslar yazdıqları məqalələrə görə demək olar ki, heç bir qarşılıq almırlar.

- Belə çıxır ki, bu istiqamət tədricən ölür?

- “Ölür” demək düzgün olmaz. Heç bir sahə tam ölmür. Sadəcə bu işlə məşğul olanların sayı azalır. Sovet dövründə bu sahədə çox mütəxəssis var idi, indi də var. Bu gün Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatr sənəti fakültəsində teatrşünaslıq kafedrası fəaliyyət göstərir. Amma gələcək perspektivi çox ürəkaçan görünmür.

- Teatr bu gün yaşayır, yoxsa formal fəaliyyət göstərir? Gənclərin marağı varmı?

- Teatra getməyən insanlar düşünür ki, teatra heç kim getmir. Halbuki bu, doğru deyil. Teatra müxtəlif yaş qruplarından insanlar gəlir. Teatra heç kim getmir deyənlər, adətən, özləri teatra getməyən insanlardır. Necə ki, kitab oxumayan biri deyir ki, guya heç kim kitab oxumur. 47 ildir səhnədəyəm və bu illər ərzində dəfələrlə eşitmişəm ki, teatr və kino ölür. Amma həmin sözləri deyən insanlar artıq yoxdur, teatr və kino isə hələ də yaşayır.

- Bu gün teatrın PR və təbliğatı hansı vəziyyətdədir?

- Müasir dünyanın tələblərinə uyğunlaşmaq lazımdır. Sosial şəbəkələr bu gün çox aktualdır. İnkişaf etmək üçün bu dəyişikliklərə uyğunlaşmağa məcburuq. Mədəniyyət Nazirliyinin apardığı son islahatlara əsasən artıq hər bir teatrda PR şöbəsi yaradılıb.

- 10 ildən artıqdır ki, "M. Teatr" fəaliyyət göstərir. Son illərdə isə daha çox tanınıb və xarici səfərlərə də çıxır. Bunun sirri nədir?

- Hər bir iş ilk addımlardan başlayır. Əgər işinə peşəkarcasına yanaşırsansa, o inkişaf edir. Bizim ilk premyeramıza cəmi bir tamaşaçı gəlmişdi. Bu gün isə premyeralarımızda Heydər Əliyev Sarayında zal tamaşaçı ilə dolu olur.

- Sizin üçün kino yoxsa teatr daha maraqlıdır?

- Hər ikisi mənim işimdir. Mən müxtəlif sahələrdə özümü reallaşdırmağı sevirəm. Həm kinoda, həm də teatrda işləmək mənə maraqlıdır.

- M. Teatrı əsasən gənc aktyorların inkişafı üçün yaratmısınız. Bu gün isə sosial şəbəkələrdə bəzi insanlar özlərini “bloger aktyor” kimi təqdim edir. Buna münasibətiniz necədir?

- İlk növbədə təhsil lazımdır. Həvəskar və peşəkar fəaliyyət arasında böyük fərq var. Peşəkar olmaq üçün mütləq təhsil almaq lazımdır. Necə ki, heç kim təhsilsiz həkimin yanına getmək istəmir, incəsənətdə də vəziyyət eynidir. Sadəcə ağlaya və ya gülə, yaxud kimisə parodiya edə bilmək insanı aktyor etmir.

- Bu gün qeyri-peşəkar aktyorlar çoxdurmu?

- Statistik məlumatım yoxdur. Amma Azərbaycanda diplomu olan çoxdur, lakin hər diplom sahibi həqiqətən savadlı və peşəkar deyil.

- Yeni çəkilən kino və seriallardan razısınız?

- Bu gün yaxşı və peşəkar kino və seriallar çəkilir. Amma təbii ki, hər biri möhtəşəm ola bilməz. İncəsənət ilahi bir sahədir və istedadın səviyyəsini ölçən cihaz yoxdur.

- Aktyor olmasaydınız kim olardınız? Bu seçim idi, yoxsa təsadüf?

- Mən bu sənətə təsadüf nəticəsində gəlmişəm. Uşaqlıqda hüquqşünas olmaq istəyirdim, amma aktyor oldum.

- Teatr sizin üçün xoşbəxtlikdir, yoxsa yük?

- Konfutsi deyib ki, insan sevdiyi işlə məşğul olursa, o heç vaxt işə getmir. Həyatda hər şey nisbidir. İncəsənət emosiyalarla bağlıdır və biz də bu emosiyalarla yaşayırıq.

FOTO: Sadıq Əliverdibəyli

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları